Bakıda torpaq qiymətləri rekord qırır: 1 sot üçün 1 milyon manat
18:07 SosialBakıda torpaq sahələrinin qiymətləri əmlak bazarında əraziyə görə ciddi şəkildə fərqlənir və bu qiymətlər bazar dinamikasına uyğun olaraq daim dəyişir. Satış təkliflərinə baxdıqda ən bahalı torpaq sahələrinin əsasən paytaxtın mərkəzi və mərkəzə yaxın rayonlarında cəmləşdiyi görünür.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, torpaq qiymətləri hər il tələbat və təklifdən asılı olaraq yenilənir.
Onun sözlərinə görə, Səbail rayonunda yerləşən Fəvvarələr meydanı və ətrafında 1 sot, (100 m²) torpaq sahəsinin qiyməti hazırda 1 150 000 manat təşkil edir.
"Eyni rayona aid olan Zərifə Əliyeva küçəsində 1 sot torpaq 1 350 000 manata təklif olunur. Səbail rayonunda yerləşən Neftçilər prospektində, eləcə də Xətai rayonuna aid Yeni Bulvar ərazisində torpaq sahələrinin qiyməti 600 000-650 000 manat arasında dəyişir.
Nərimanov rayonunda yerləşən Məmməd Araz, (köhnə Teymur Əliyev) küçəsində 1 sot torpaq 400 000-450 000 manat aralığında qiymətləndirilir. Xətai rayonuna aid Yusif Səfərov küçəsində bu rəqəm 500 000-550 000 manat təşkil edir. Nərimanov rayonunda Atatürk prospektində, Yasamal rayonunda isə Hüseyn Cavid prospektində torpaq sahələrinin qiyməti 400 000-450 000 manat səviyyəsindədir. Xətai rayonunda yerləşən Ağ Şəhər ətrafında isə 1 sot torpaq 500 000-550 000 manat aralığında satılır".
Vüqar Oruc qeyd edib ki, göstərilən qiymətlər orta bazar göstəriciləridir və konkret ünvan, yerləşmə və təyinatdan asılı olaraq dəyişə bilər.
"Bu ərazilərdə torpaq tapmaq olduqca çətindir və adətən bu cür qiymətlər hündürmərtəbəli binaların tikintisi və söküntü sahələrinin alınması zamanı formalaşır. Belə torpaq sahələri əsasən daşınmaz əmlak saytlarında deyil, fərdi rieltorlar vasitəsilə təklif olunur".