Məktəbli çantaları tarixə qovuşa bilər - Onlayn dərslik nəyi dəyişdirəcək?

Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur. Bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin iclasında çıxış edib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir.

Tezliklə bu sistemə keçid mümkündürmü, yəni belə dərsliklərə keçid üçün texniki baza varmı və həqiqətən, faydalı olacaqmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərsliklərin rəqəmsallaşdırılması prosesinə bir neçə müddətdir start verilib. Onun sözlərinə görə, artıq elektron dərsliklər hazırlanıb:

"Hazırda bizdə e-dərslik portal var. Çap olunan dərsliklərin pdf formatı da hazırlanıb oraya yüklənilir. Bu formada bütün dərslikləri sistemləşdirib həmin portalda yerləşdirə bilərik. Dünyanın bir çox ölkələrində bu istiqamətdə işlər görülüb və elektron dərsliklərdən geniş istifadə olunur. Bu, hər bir vətəndaş üçün dərsliyin əlçatanlığının təmin olunması baxımından, həm də ümumi resurslardan rahat istifadə imkanının yaranmasına xidmət edir. Rəqəmsallaşmada səhvliklərin rahat və tez aradan qaldırılması mümkün olacaq. Rəqəmsal dərslikdə hansısa mövzu iləı bağlı vizuallığın olması və keçid üçün xüsusi linklərin yerləşdirilməsi də öyrənmə bacarığına müsbət təsirini göstərə bilər. Bu, şagirdlər üçün məktəbli çantasının ağırlığı problemini də aradan qaldıracaq. Sadəcə bir planşet üzərindən bütün məktəbli çantasını daşımaq mümkün olacaq. Bu prosesə keçid səmərəli olsa da, hardasa 5 il müddətə tam təkmilləşə biləcək. Bu səbəbdən bu proses bir qədər də sürətlənməlidir".

Ekspert qeyd edib ki, burada sadəcə göz məsələsi qabarıq formada ortaya çıxır. Bunun da qarşısının alınması üçün qoruyucu eynəklərdən və ya monitorda qoruyucu şüşələrdən istifadə etmək olar.

Mütəxəssis məktəblərdə mobil telefon qadağasına da diqqət çəkib:

"Mobil telefonla bağlı qadağa qəbul olunub. Bu səbəbdən planşetlərdən istifadə daha səmərəli olar. Hətta Elm və Təhsil Nazirliyi təşəbbüskarlıq göstərib, xüsusilə də həssas qrupa aid olan şəxslər üçün planşetləri pulsuz verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31