11. Azərbaycan xalqı yüksək mənəvi dəyərlərə malikdir

İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan qədim dövlət olmaqla yanaşı, tarixdən süzülüb gələn adət-ənənələri ilə seçilir. Başqa sözlə, qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın elə qədim adət-ənənələri də mövcuddur. Bu ənənələr min illərdən bəri qorunub saxlanılaraq indiki nəslə ötürülüb. Ölkəmizin çoxşaxəli adət-ənənələri bu coğrafiyada yaşayan çoxsaylı xalqların mövcudluğu ilə bağlıdır. Məlum olduğu kimi milli adət-ənənələrin təbliği, dövlətçiliyin gücləndirilməsi, milli kimliyin qorunması və xalqın mədəni irsinin beynəlxalq aləmdə təbliği üçün vacibdir. O baxımdan, bu işdə dövlət, cəmiyyət və media fəal iştirak etməlidir.
Milli adət-ənənələrin təbliği, Azərbaycanın qədim dövlətçilik tarixini və mədəni irsini gələcək nəsillərə ötürmək, milli kimliyi gücləndirmək və ölkənin sivil dünyada tanınmasını təmin etmək üçün vacibdir. Hazırda bu proses dövlət başçısının yürütdüyü siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti və gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsi üçün görülən işlər sayəsində həyata keçirilir. Təbliğat azərbaycançılıq, milli dəyərlər, muğam, aşıq sənəti və xalçaçılıq kimi sahələri əhatə etsə də güclü dövlətçiliklə sıx bağlıdır.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan  özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.
Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.
Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri vardır. Yas mərasimləri ilə bağlı da azərbaycanlıların bir maraqlı adət və ənənələri var. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar. Nəhayət, adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.

Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılaması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və onun Azərbaycançılıq məfkurəsini təbliği istiqamətində Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir. Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondu təsis edilərkən ölkənin birinci xanımı Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban Əliyevanın belə bir müqəddəs missiyanı öz üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi.
Fondun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti  YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. Belə ki, 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün təqdimidir.
Dövlətçilik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə olan hörmət və ehtiramın öz bəhrəsini verdiyinin hər birimiz şahidiyik. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus olan dövlətçilik tarixinin, adət-ənənələrimizin dərindən öyrənilməsi, bu istiqamətdə aparılan maarifləndirmə və təbliğatın nəticəsi özünü göstərdi və şahidi olduq ki, qələbələr əldə etmək, zəfər qazanmaq üçün məhz həmin maarifləndirmə və təbliğatın rolu olduqca böyükdür. Məhz 44 günlük müharibə zamanı vətəndaşlarımızın vətən uğrunda, ali dəyərlər naminə necə mübarizə apardığını gördük və bir daha əmin olduq ki, xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği çox vacib məqamdır.
Yeri gəlmişkən qeyd edək ki, Qərbi  Azərbaycanın adət-ənənələri zəngin və rəngarəngdir. Xüsusən toy mərasimlərində "şax" hazırlığı, bəyin gəlinin başına alma atması (bolluq mənasında), gəlinin "təndir və ya ocaq başına fırlanması", nanaylar oxunması, əlinə pul bağlanması, və zurnaçılar tərəfindən kövrək havaların çalınması kimi özünəməxsus adətlər ön plana çıxır, bunlar köçərkən yeni ocağa ruzi-bərəkət gətirmə inanclarını əks etdirir. Toydan əvvəl hazırlanan, üzərinə meyvə, şirinlik və digər hədiyyələr asılan ağacdır, bəy bunu gəlin evinə aparar. Gəlin evdən çıxarkən bəy damdan onun başına alma atar, bu gəlinin gələcək ocağına xeyir-bərəkət gətirməsi inamından irəli gəlir. Gəlin ata evindən ayrılarkən təndir və ya ocaq başına fırlanır, bu, evin köhnə ocağından xeyir-dua alıb yeni ocağına aparmasıdır. Xınayaxdı mərasimlərində xüsusilə Ağbaba bölgəsində nanayların oxunması geniş yayılmışdı. Gəlinin əlinə pul bağlayır, özü ilə çörək, şirniyyat (halva) aparır, bu, yeni evə ruzi və bərəkət gətirmək mənasını daşıyır. Qərbi Azərbaycan toylarının xüsusi bəzəyi olan yallı rəqsi hələ də davam edir.
Azərbaycanın zəngin folklor ənənələrinin təbliği, dünyaya çatdırılması istiqamətində görüləsi işlərimiz çoxdur. Heydər Əliyev Fondundan başqa folklor nümunələrimizin dünyada tanıdılması yalnız  səyyahların yazılarında qeydə alınıb. Müasir dövrdə zəngin milli adət-ənənələrimizin təbliği üçün ən müxtəlif vasitələrdən istifadə edilməsinə ehtiyac var.

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31