Onlara da “şəhid” demək olarmış – Bilinməyən məqamlar

Son dövrlərdə Rusiya-Ukrayna münaqişəsində döyüşlərə qatılan Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı ictimai müzakirələr artıb. Bu məsələdə xüsusilə diqqət çəkən məqam "şəhid" anlayışının kimlərə şamil olunmasıdır. İctimaiyyətdə fərqli baxışlar mövcuddur. Bəziləri bu şəxsləri qəhrəman kimi görür, hətta dinimizin də belə qəbul etdiyini vurğulayır, bəziləri isə bunu doğru hesab etmir.

Qeyd edək ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Bəs islam dini bu barədə nə deyir?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, vətən, din yolunda, namus uğrunda canını sevə-sevə qurban verənlər şəhiddir:

"Vətənin dar günündə əlindən gələni əsirgəməyənə şəhid deyilir. Həmçinin şəhid Prezidentin əmrinə uyğun olaraq istər ölkədə, istərsə də kənarda dövlətimizin mənafeyi üçün mücadilə edərək, şəhidlik zirvəsinə ucalandır. Halal ruzi arxasınca gedərkən, təbii fəlakətlər nəticəsində dünyasını dəyişərkən, imanlı olduğu halda odda yanar və yaxud da suda boğularsa şəhid hesab olunur. Hətta mömin bir şəxs dəstəmazlı halda yatarsa, yuxudan oyanmasa belə dinimiz ona da şəhid statusu verir.

Amma bunun xaricində kimlərsə özü könüllü olaraq, mövqeyi və niyyəti bəlli olmadan, heç bir hüquqi öhdəlik daşımadan və xüsusi olaraq hər hansısa bir ödəniş qarşılığında başqa ölkələrin maraqları uğrunda döyüşə qatılırsa, islami prinsiplərə əsaslanaraq ona şəhid demək şəriətimizə görə doğru deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31