Tahir Əkbərin mahnıları ilə bağlı qalmaqal böyüyür: Agentlik iddiaları yalanladı
16:31 SosialƏqli Mülkiyyət Agentliyi mərhum bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbərin səsləndirdiyi iddialara münasibət bildirib.
Agentlikdən Musavat.com-a verilən rəsmi açıqlamada qeyd olunub ki, "Tahir Əkbərin mahnılarının oğurlanması ilə bağlı Türkiyədə rəsmi araşdırma başladı" adlı məqalədə yer alan iddialar həqiqətə uyğun deyil və tam şəkildə təkzib olunur.
Bildirilib ki, mərhum bəstəkarın müəlliflik hüquqlarının pozulması ilə bağlı Aybəniz Əkbərin Türkiyədə fəaliyyət göstərən MESAM-a (Türkiyə Musiqi Əsər Sahibləri Məslək Birliyi) müraciət etməzdən əvvəl Əqli Mülkiyyət Agentliyinə rəsmi qaydada müraciət etməsi barədə səsləndirdiyi fikirlər əsassızdır:
"Bildiririk ki, Aybəniz Əkbər məsələ ilə əlaqədar, ümumiyyətlə, Agentlikdə olmayıb. O, təxminən il yarım əvvəl Agentliyin müvafiq şöbəsinə telefonla zəng vurub məsələ barədə məlumat verərkən bəstəkarın əsərlərinin qeydiyyatdan keçirilməsinin vacibliyi, o cümlədən "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 5-ci hissəsinə əsasən, müəllifliklə bağlı mübahisələr yarandığı hallarda digər sübutlar olmadıqda, əsərin qeydiyyatı haqqında şəhadətnamənin məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınması ona ətraflı izah edilib.
Həmçinin tövsiyə olunub ki, vərəsəliyi təsdiq edən şəhadətnamə əsasında hüquq sahibi kimi mərhum bəstəkar Tahir Əkbərin əsərlərinin qeydiyyata alınması barədə Agentliyə rəsmi müraciət edə bilər.
A.Əkbər isə vərəsəlik şəhadətnaməsinin olmadığını söyləyib. Vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Bakıdakı 19 saylı Notariat ofisinin sorğusu əsasında bəstəkarın adına müəllif qonorarının daxil olduğu barədə Agentlik tərəfindən 2025-ci il 25 iyul tarixdə arayış da verilib. Buna baxmayaraq, indiyədək Aybəniz Əkbər vərəsəlik şəhadətnaməsini Agentliyə təqdim etməyib.
Eyni zamanda vurğulamaq istərdik ki, bəstəkarın qızı Bəhriyə Əkbərzadənin 2024-cü il 4 iyul tarixli müraciəti nəzərə alınaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Qızıl Fond"unda saxlanılan "Əzizim" mahnısının musiqisinin Tahir Əkbərə məxsus olduğunu təsdiq edən arayış və musiqinin not yazısı Əqli Mülkiyyət Agentliyi tərəfindən MESAM-a göndərilib.
Bunları ona görə xatırladırıq ki, müəllif-hüquq sahəsində peşəkar fəaliyyətlə məşğul olan Əqli Mülkiyyət Agentliyinin mütəxəssisləri tərəfindən bəstəkarın müsiqi bəstələdiyi mahnıların "Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər" kimi yanlış fikir bildirilməsi məntiq, hüquq və peşəkarlıq baxımından mümkün deyil və bu iddia əsası olmayan fərziyyədir".
Xatırladaq ki, mərhum bəstəkarın xanımı Aybəniz Əkbər Musavat.com-a açıqlamasında bildirmişdi ki, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağlı MESAM-da (Türkiyə Musiqi Əsərləri Müəllifləri Dərnəyi) rəsmi prosesə başlanılıb.
O qeyd etmişdi ki, MESAM-a müraciət etməzdən əvvəl Əqli Mülkiyyət Agentliyinə də müraciət olunub:
"Biz Tahir Əkbərin varisləri olaraq əvvəlcə Əqli Mülkiyyət Agentliyinə müraciət etdik. Onlar bizə bildirdilər ki, mahnılar Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Buna görə də Tahir Əkbərin bütün əsərlərinin notlarını MESAM-a təqdim etdik"