Almaları maşına yüklətdirən sumqayıtlı məmuru bu qədər cəza gözləyir...

Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin küçə ticarətinə qarşı keçirilən reyd zamanı sərgilədiyi davranış ictimaiyyətin ciddi narazılığına səbəb olub. Daha əvvəl də kobud ifadələr səsləndirdiyi üçün ilə tənqid olunan İcra Hakimiyyəti rəsmisinin budəfəki hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Belə ki, reyd zamanı piyada səkisində meyvə satan şəxsə məxsus məhsulların yük maşınına yığılmasını əks etdirən kadrlar yayılıb. Görüntülərdə icra nümayəndəsinin satıcıya ünvanladığı "Səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil" ifadəsi sosial şəbəkə istifadəçilərinin, ümumilikdə cəmiyyətin kəskin reaksiyası ilə nəticələnib. Bir çoxları bu davranışı vətəndaşın mülkiyyət hüququnun pozulması kimi qiymətləndirib. Bəs bu cür məmur özbaşınalığına qarşı qanunda hansı cəza mexanizmləri nəzərdə tutulub?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı baş verənləri özbaşınalıq kimi dəyərləndirib.

Vəkilin sözlərinə görə, küçə ticarətinin qarşısının alınması icra nümayəndəsinin səlahiyyətinə daxil deyil:

"Baş verənlər icra nümayəndəsinin səlahiyyətində olmayan məsələlərdir. Əgər ticarət qanunsuzdursa, bunun qarşısını polis ala bilər. İcra nümayəndəsinin satıcının əmlakına müdaxilə etməsi və "bu artıq sənin deyil" deməsi hüquqi baxımdan yolverilməzdir. Bu, açıq şəkildə özbaşınalıqdır".

Mehman Muradlı bildirib ki, bu cür hərəkətlər Cinayət Məcəlləsi ilə məsuliyyət yarada bilər:

"Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozaraq öz səlahiyyətlərini aşmaq, xüsusilə başqasının əmlakına qanunsuz müdaxilə etmək özbaşınalıq hesab olunur və cinayət məsuliyyəti yarada bilər. Burada vəzifə səlahiyyətlərinin aşılması əlamətləri açıq görünür. Odur ki, məcəlləyə əsasən bu cür əməl törədənlər 500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ay müddətədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31