CƏSARƏT, ZƏHMƏT VƏ PEŞƏKARLIĞIN VƏHDƏTİNDƏ – İMRAN MEHDİYEV ÖRNƏYİ
10:21 Sosial"Güclü iradəyə, sağlam əqidəyə və xeyirxah əməllərə malik polad insan" - İmran Mehdiyevi yaxından tanıyanların onun haqqında işlətdiyi bu sözlər, əslində, bütün bir ömür yolunun dəqiq təsviridir. Bu yol cəsarət, zəhmət və peşəkarlıq prinsipləri üzərində qurulmuşdur.
Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizin zəngin memarlıq irsinə və şəhərsalma ənənələrinə diqqəti bir daha artırır. Azərbaycan şəhərlərinin, hər biri öz tarixi, mədəniyyəti və sənətkarlığı ilə fərqlənərək özünəməxsus bir inkişaf mərhələsi keçib və rəngarəng simaya malikdir. Bu şəhərlər arasında qədim İpək Yolu üzərində yerləşən, bu gün isə Zəngəzur dəhlizi ilə strateji əhəmiyyət qazanan Ordubad xüsusi yer tutur.
Ordubad yüzillər boyu Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu mühüm ticarət, sənətkarlıq və elm mərkəzi olub. Dünyanın ilk sivilizasiyalarından biri olan Gəmiqayanın yerləşdiyi bu torpaq Kiran karvansarayı, Cümə məscidi, Qeysəriyyə, Buzxana, XIX əsrə aid Məbəd və digər tarixi-memarlıq abidələri ilə qədimliklə müasirliyin harmoniyasını bu günə qədər yaşadır.
"Azərbaycanın inci Ordubad" məkanının insanları vətənpərvərlikləri, elmi nailiyyətləri, sənətkarlıq bacarıqları və ticarət sahəsindəki xüsusi istedadları ilə həmişə sayılıb-seçilmişlər.
Məhz belə zəngin tarixi-mədəni mühitdə, Ordubadın Anbaras məhəlləsində 1936-cı il yanvarın 21-də görkəmli ictimai-siyasi və dövlət xadimi, tanınmış alim, memar-inşaatçı İmran Əzim oğlu Mehdiyev dünyaya göz açıb. O, böyük maarifçi Məmməd Tağı Sidqinin adını daşıyan 1 nömrəli Ordubad tam orta məktəbində təhsil alıb. Zəhmətkeş, dürüst və xeyirxah ailədə böyüməsi onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Atasından prinsipiallıq və dəqiqlik, anasından sədaqət, mərhəmət və insanpərvərlik kimi keyfiyyətlər mənimsəyib. Bu xüsusiyyətlər onun elmi və dövlətçilik fəaliyyətinin əsas dayaqları olub.
Müxtəlif dövrlərdə Azərbaycan SSR Nazirlər Sovetində, Bakı Mərmər Məmulatları Zavodunda məsul vəzifələrdə çalışıb. 1962-1963 və 1968-1971-ci illərdə Nazirlər Sovetinin Tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent, 1971-1976-cı illərdə zavod direktoru olub. 1976-79-cu illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini, 1979-1982-ci illərdə isə sədr vəzifəsində xidmət edib. 1982-1983-cü illərdə Azərbaycan SSR Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini, 1983-1989-cu illərdə isə Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi işləyib. 1991-1999-cu illərdə Sənaye tikinti materialları nazirinin birinci müavini, "Azərsənayetikinti" Dövlət Konserninin birinci vitse-prezidenti vəzifələrində çalışıb.
1998-2000-ci illərdə Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin, 2000-2008-ci illərdə isə mərkəzi icra hakimiyyəti orqanına çevrilən Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru olub.
İmran Mehdiyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin məsləkdaşı, əqidədaşı və silahdaşı kimi tanınıb. Hətta 80-ci illərin sonlarında Moskvada doktorluq araşdırması apardığı zaman Dahi Öndər Heydər Əliyevi tez-tez ziyarət etməyi özünə borc hesab edərək, onunla baş verən hadisələri və Azərbaycanda prosesləri müzakirə etdiyini də söyləyərdi.
Azərbaycanın müstəqilliyinin ilk illərində milli dövlət quruculuğunda əzm və iradə nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının yaranması, formalaşması və möhkəmlənməsində fəal iştirak edib, çətin vaxtlarda mövqeyi, sədaqəti və prinsipiallığı ilə örnək olub. Ordubad Rayon Təşkilatının yaradılmasında birbaşa iştirak edən təşəbbüskar ziyalılardan biri kimi yadda qalıb. Təsis heyətinin üzvləri arasında Məmməd və Hüseyn Babayev qardaşları, Mirzə Əsgərli, Vaqif Mirzəyev, Mehrac Əliyev, Ədalət Quliyev, Miryusif Miratayev və digərləri olub.
Onun müasir Azərbaycan Respubliksının milli qurtuluşu, ictimai-siyasi sabitliyi və sosial-iqtisadi dirçəlişində yeri və rolu danılmazdır. Təbii ki, həmin xidmətlər Ümummilli lider tərəfindən yüksək qiymətləndirilib. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1999-cu il 1 iyul tarixində imzalanmış 147 nömrəli Fərmana əsasən Satınalmalar üzrə Dövlət Agentliyinin statusu dəyişdirilərək mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilmişdir. 2000-ci il 3 aprel tarixində isə Dövlət Başçısı Heydər Əliyev tərəfindən İ.Ə.Mehdiyevin Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilməsi haqqında Sərəncam imzalanmışdır. Bu təyinat, İmran Mehdiyevin təcrübəsinin, etibar, bilik və bacarığının yüksək qiymətləndirilməsi, ona göstərilən etimad və inamın aydın göstəricisi olmuşdur.
2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni formalaşan Nazirlər kabinetində yer almış və həmin vəzifəyə təyin edilmişdir.
2008-ci ildə Dövlət Başçısı ona göstərdiyi qüsursuz xidmətlərə görə şəxsən təşəkkürünü bildirmiş və uzunmüddətli, səmərəli fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulamışdır.
Azərbaycanın tanınmış dövlət xadimi idarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedaqoji fəaliyyəti də diqqətəlayiqdir. Üç monoqrafiya, üç dərslik və 90-dan artıq elmi məqalənin müəllifi olan alim Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində professor kimi gənc kadrlar yetişdirib. Almaniyanın universitetlərində etdiyi məruzələr və verdiyi mühazirələr onun beynəlxalq nüfuzundan xəbər verir. Fəaliyyəti dövründə bir sıra yüksək mükafatlara layiq görülmüş, "Qırmızı Əmək Bayrağı" ordeni, iki dəfə "Şərəf Nişanı" ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. İmran Mehdiyev iqtisad elmləri doktoru, professor kimi yüksək zirvələrə ucalmış, Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının, Azərbaycan Memarlar İttifaqının üzvü seçilmişdir.
Vətəninə sədaqətlə xidmət etmiş örnək şəxsiyyət - Azərbaycanın, xüsusilə Naxçıvanın tanınmış alimlərdən biri olan professor-doktor İmran Mehdiyev Vətəninə, elinə, obasına bağlı bir ziyalı kimi seçilmiş və sevilmişdir. Məhz Ordubad ictimaiyyətinin birliyini ifadə etdirən - 1991-ci ildə Azərbaycanın böyük mütəfəkkiri Nəsirəddin Tusinin adını daşıyan "Tusi" Xeyriyyə Cəmiyyətinin yaradılmasına dəstək göstərməklə onun adının yaşadılmasına və elmi xidmətlərinin yeni nəsillərə çatdırılması işinə böyük töhfələr vermişdir. Onun fəaliyyəti və həyatı, həm də müasir dövrün intellektual və ictimai inkişafına yaradıcı təsirləri baxımından əhəmiyyətlidir.
İmran Mehdiyev ailə dəyərlərinə də sadiq qalaraq övladlarını vətəndaşlıq məsuliyyəti ilə yanaşı, Vətənə dərin bağlılıq və yüksək əxlaqi prinsiplərlə tərbiyə etmişdir. O, həmçinin öz övladlarına, çağdaş dövrün tələblərinə uyğun universal təhsil vermiş, onları fəal və məsuliyyətli vətəndaşlar kimi yetişdirmişdir. Bu gün onun üç oğlu Azərbaycanın elmi və ictimai həyatında fəallıq göstərir, hər biri öz sahələrində ciddi töhfələr verərək, sosial inkişafa yönəlmiş mühüm təşəbbüslər həyata keçirirlər.
İmran Mehdiyevin ailə tərbiyəsi, cəmiyyətin gələcəyinə yönəlmiş vəzifələrinə dərin hörmətin və mədəniyyətin bir nümunəsidir. Ailə, Vətən məsələlərində isə özünəməxsus əxlaqi dəyərlər və təmənnasız xidmət nümayiş etdirən İmran Mehdiyev 10 mart 2023-cü ildə Bakıda vəfat etmişdir.
Bir sözlə, cəsarət, zəhmət və peşəkarlığın vəhdətində formalaşmış, müdrik baxışı, ziyalı duruşu ilə seçilən İmran Mehdiyev ömrü gələcək nəsillər üçün örnək olacaq, yaddaşlarda xeyirxahlıq nümunəsi kimi qalaraq insanların mənəvi dünyasında iz qoyacaq, onun əziz xatirəsi isə əzizlərinin, onu tanıyanların qəlbində daim yaşayacaq.
Yəhya Babanlı,
"Tusi" Xeyriyyə Cəmiyyəti
İdarə Heyətinin sədri, t.ü.f.d.