Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir

TAC

Bu gün də davam edən qarlı və şaxtalı hava şəraiti Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Ağsu dolaylarından keçən bəzi hissələrində buzlaşmaya səbəb olub. Səhər saatlarından etibarən qarın yağması dayansa da, güclü külək və çovğun yol şəraitini çətinləşdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları ərazidə 24 saat növbəli iş rejimində fəaliyyət göstərərək yolların qardan və buzdan təmizlənməsini təmin edir. Hərəkət istiqamətlərinə uyğun olaraq yolun hər iki tərəfində toplanan qar kütləsi kənarlaşdırılır, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkəti təmin olunur.

4 nömrəli Magistral Yolların İstismarı MMC-nin sahə rəisi Əvəz Xəlilovun verdiyi məlumata görə, M4 avtomobil yolunun 76-143-cü kilometrlik hissəsində fasiləsiz qartəmizləmə tədbirləri həyata keçirilib. Əraziyə qar kürüyən, qum-duz səpən xüsusi təyinatlı avtomobillər və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yanvarın 17-si axşam saatlarından etibarən yolun hərəkət hissəsində yaranan buzlaşma operativ şəkildə aradan qaldırılıb.

Güclü qar yağışı və çovğun Qobustan rayonu ərazisində də nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Rayon mərkəzindən kəndlərə aparan yollarda buzlaşma qeydə alınıb, xüsusilə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollarda sürüşmə təhlükəsi artıb. Bu səbəbdən yol istismar idarəsinin texnikası və əməkdaşları əraziyə cəlb edilərək fasiləsiz fəaliyyət göstəriblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyev AZƏRTAC-a bildirib ki, hazırda əsas diqqət Bakı-Şamaxı-Yevlax magistral yolunun Qobustan rayonu ərazisindən keçən təxminən 30 kilometrlik hissəsinin qardan və buzdan təmizlənməsinə yönəldilib. Onun sözlərinə görə, rayon üzrə mövcud olan 150 kilometrə yaxın kənd yolunun hərəkət üçün açıq saxlanılması məqsədilə mütəmadi texniki tədbirlər görülür.

M.Əliyev qeyd edib ki, səhər saatlarında yağıntının intensivləşməsi və güclü çovğun bəzi istiqamətlərdə hərəkətin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub. Bir neçə halda yollar bağlansa da, yol təsərrüfatı əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə hərəkət bərpa edilib. Kənd yolları da daxil olmaqla, rayon ərazisindəki bütün yollar hazırda açıqdır.

Rayon ərazisində yağan qar daha çox Çalo, Cəyirli, Bəklə, Nabur və Sündü kəndlərində müşahidə olunub. Güclü şaxta səbəbindən bu yaşayış məntəqələrinə aparan yollarda hərəkət çətinləşib. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Hazırda bölgədə qarın yağması davam edir. Gecə saatlarında buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə mümkün qədər həmin istiqamətlərdə hərəkət etməmək, zərurət yarandıqda isə ehtiyatlı olmaq tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31