Bakıda 40 mindən çox ev dövlətin əlində - Kimlərə verilə bilər?
20:11 SosialBakıda dövlətin balansında olan minlərlə mənzil illərdir ictimai müzakirə mövzusudur.
Bakı Şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, paytaxtda Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı birliklərinin (MKTB) balansında hazırda 11 244 yaşayış binası mövcuddur. Bu binalarda ümumilikdə 310 386 mənzil yerləşir. Onlardan 269 950-si özəlləşdirilib, 40 436 mənzil isə hələ də dövlət mülkiyyətində qalır. Məlumatlar göstərir ki, minlərlə mənzil faktiki olaraq istifadəsizdir və bu da sosial baxımdan ciddi suallar doğurur. MKTB-lərin balansında olan binaların əksəriyyəti azmərtəbəlidir. Belə ki, 4 903 bina birmərtəbəli, 1 933 bina ikimərtəbəli, 552 bina üçmərtəbəli, 449 bina dördmərtəbəli, 2 106 bina isə beşmərtəbəlidir. Eyni zamanda, 1 112 bina doqquzmərtəbəli, 49 bina onmərtəbəli, 19 bina onikimərtəbəli, 14 bina onaltımərtəbəli, 7 bina onyeddimərtəbəli, 2 bina onsəkkizmərtəbəli, 1 bina isə ondoqquzmərtəbəlidir.
Qeyd olunur ki, MKTB-lərin balansında olan 310 386 mənzilin böyük hissəsi liftlə təmin olunub. Bu da həmin mənzillərin yaşayış üçün texniki baxımdan yararlı olduğunu göstərir. Məsələnin ən çox müzakirə olunan tərəfi isə bu mənzillərin gələcək taleyidir. Dövlətin mülkiyyətində qalan mənzillər sosial mənzil fondunun formalaşdırılmasında niyə istifadə olunmur? Xüsusilə internat və uşaq evlərindən çıxan gənclərin, yeni ailə quranların, şəhid ailələrinin və sosial baxımdan həssas qrupların mənzil təminatı üçün bu fond mühüm imkanlar yarada bilər. Digər tərəfdən, bu mənzillərin bir hissəsinin güzəştli ipoteka mexanizmi ilə satışa çıxarılması da mümkün variantlar sırasında göstərilir. Bu, həm mənzilə ehtiyacı olan vətəndaşların problemini qismən həll edə, həm də dövlət büdcəsinə əlavə vəsait daxilolmasını təmin edə bilər.Bununla yanaşı, sual doğuran əsas məqam ondan ibarətdir ki, on minlərlə mənzil niyə uzun illərdir istifadəsiz saxlanılır.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli Musavat.com-a açıqlamasında bilirib ki, 40 min mənzilin istifadəsiz qalması real görünmür: "Burada söhbət ondan gedir ki, bir vaxtlar bütün mənzillər Bakı Şəhər İcra Hakimiyyətinin balansında idi. Hamının o mənzillərdə yaşamaq üçün orderi var idi və xüsusi mülkiyyət hesab olunmurdu. Lakin sonradan qanun qəbul olundu və hər kəs mənzilini özəlləşdirdi. Bir qisim əhali isə yenə də orderlə yaşayır, hələ də özəlləşdirmə etməyib. Məhz buna görə də 40 mindən çox mənzil dövlətin mülkiyyətində alıb. Lakin bu, o demək deyil ki, həmin evlər boşdur. O mülklərdə yaşayış var". İqtisadçı deyir ki, 40 min evdən boş olanı varsa da, bu, kütləvi deyil. Buna görə də həmin mənsilləri istifadəsiz hesab etmək olmaz:" O mənzillərin sahibləri var, onları heç bir halda dövlət sata və ya kiməsə bağşılaya bilməz. Orderlə olsa da, həmin evlərdə yaşayan insanlar var və bu evlərin sahibləri onlardır".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, mövcud yaşayış fondunun təqribən 7 faizə qədəri dövlət mülkiyyətindədir və yerdə qalanı isə xüsusi mülkiyyətdir: "Ola bilsin ki, həmin mənzillərin içərisində yataqxana tipli dövlət qurumlarının balansında olan və yaşayış fondlarına aid olan tikililər də var. Amma 40 min mənzili istifadəsiz qalması real görünmür", -deyə o bildirib.Modern.az