450 min nəfər iş tapacaq? - Yeni proqramdan GÖZLƏNTİLƏR

Dövlətin məşğulluq siyasətində əsas prioritetlərdən biri işsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını sürətləndirməkdir. Bu məqsədlə müxtəlif proqram və mexanizmlər tətbiq olunur, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi ildən-ilə genişləndirilir.

Dövlət Məşğulluq Agentliyinin açıqlamasına görə, 2026-cı ildə təxminən 450 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Bəs bu qədər insanın qısa müddət ərzində aktiv məşğulluq tədbirləri ilə əhatə olunması nə dərəcədə realdır? Daha önəmlisi, bu tədbirlərə cəlb olunan şəxslərin sonradan daimi və rəsmi iş tapmaq imkanları doğrudan da artırmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, aktiv məşğulluq tədbirləri kifayət qədər geniş və müxtəlif məzmunlu anlayışdır. Onun sözlərinə görə, məhz bu genişlik səbəbindən bu sahədə səsləndirilən rəqəmlərin real təsir gücünü müstəqil şəkildə ölçmək çətindir:

"Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunduğunu açıqlayıb. Bu isə o deməkdir ki, 2026-cı il üçün proqnozlaşdırılan 450 minlik göstərici əvvəlki illə müqayisədə azalma deməkdir. Amma bu rəqəmlərin nə dərəcədə real nəticə verdiyini dəqiqləşdirmək ekspertlər üçün asan deyil. Rəsmi məlumatlara baxdıqda görürük ki, aktiv məşğulluq tədbirlərinin böyük hissəsi peşəyönümü xidmətləri ilə məhdudlaşır. Məsələn, ötən il bu tədbirlərə cəlb olunanların yarıdan çoxuna məhz peşəyönümü xidmətlər göstərilib".

Ekspert qeyd edib ki, peşəyönümü xidmətləri anlayışı əsasən məsləhət xarakterli fəaliyyətləri əhatə edir:

"Məsələn, bir gənc DOST mərkəzinə müraciət edir və ona CV-nin necə hazırlanması izah olunur. Bu da avtomatik olaraq aktiv məşğulluq tədbiri kimi qeydə alınır. Formal baxımdan bu doğrudur, amma real məşğulluq baxımından bunun təsiri kifayət qədər məhduddur".

Allahverdi Aydın hesab edir ki, 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması texniki baxımdan mümkün olsa da, bunun real məşğulluğa təsiri sual altındadır:

"Məsələn, ötən ilin ilk 11 ayında əmək müqaviləsi ilə işləyənlərin sayı cəmi 19 min nəfər artıb. Rəsmi statistikaya əsaslansaq, 2025-ci ildə 567 min insan aktiv məşğulluq tədbirlərinə cəlb olunub, amma muzdlu işçilərin sayı cəmi 19 min artıb. Bu rəqəmlər arasında ciddi uyğunsuzluq var. Hesab edirəm ki, 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də aktiv məşğulluq tədbirləri insanların iş tapmasına ciddi və kütləvi təsir göstərməyəcək".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə ümumilikdə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Onlardan 189 min nəfər münasib işlərlə təmin olunub, 16,8 min şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına cəlb edilib. Həmçinin 18,4 min işsiz üçün peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib. Əlavə olaraq xatırladaq ki, bu tədbirlər "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" çərçivəsində icra olunub. Sözügedən sənəd məşğulluğun artırılması, qeyri-rəsmi məşğulluğun azaldılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və özünüməşğulluğun təşviqini əsas hədəf kimi müəyyənləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31