Məmurun sahibkara davranışı narazılıq doğurdu: onu nələr gözləyir? – VİDEO

 

Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu deyilən şəxsin sahibkara kobud davranaraq məhsulunu müsadirə etdiyi deyilir.

Sitat: "Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. "Vsyo", qoyun bunları maşına!"

Nəticədə malların mağazaya aparılmasına icazə verilməyib.

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, icra nümayəndəsi vəzifə səlahiyyətlərini aşıb:

"Əvvəla, maraqlıdır ki, meyvəni niyə götürür, bu şəxs kimdir və s. Mən meyvəni götürməsini anlaya bilmirəm. Əgər meyvə xarabdırsa, onun dövriyyədən çıxarılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətindədir. Küçə ticarəti barədə məsələlərdə isə icra nümayəndəsi məhsulu qanunla götürə bilməz. Küçə ticarəti ilə bağlı qadağa tətbiq etmək icra nümayəndəsinin işi deyil, bunun üçün hüquq mühafizə orqanları var. Ona aidiyyəti yoxdursa, deməli, həmin şəxs vəzifə səlahiyyətlərini aşıb".

Vəkil hadisəni özbaşınalıq kimi qiymətləndirib:

"Baş verənlər icra nümayəndəsinin səlahiyyətində olmayan məsələlərdir. O gəlib küçə ticarətini yığışdırmağa çalışır. Əgər ticarət qanunsuzdursa, bunun qarşısını polis ala bilər. Amma icra nümayəndəsinin hərəkəti özbaşınalıq kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsində bununla bağlı konkret maddə var. Belə ki, Cinayət Məcəlləsinin 322.1 maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydaları pozaraq öz səlahiyyətlərini həyata keçirmək, özbaşınalıqla hərəkət etmək, bu hərəkətlər özbaşınalıq etmiş şəxsin maraqlarına ziyan vurmasa da, yalnız qanunsuz müdaxilə, zorakılıq və ya ciddi zərərə səbəb olarsa, cinayət məsuliyyətinə səbəb olur. Başqasının əmlakını götürüb deyirsən ki, "bu artıq sənin deyil". Bu, vəzifə səlahiyyətlərini aşmaqla özbaşına hərəkət etməkdir".

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, reyd yalnız satışın müvafiq qaydalara uyğun təmin etmək məqsədi daşıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31