Yeni qanuna əsasən, maaşdan avans götürmək çətinləşəcək

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.

Bu, yeni  təsdiqlənən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

İndiyədək olan qanuna görə,  aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq verilməli idi.

İndi qüvvəyə minəcək yeni qanuna əsasən isə əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Yalnız tərəflərin qarşılıqlı razılığı ilə aylıq maaş iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.

Xatırladaq ki, indiyədək qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq əmək haqqı bir qayda olaraq iki hissəyə bölünərək avans və qalan formasında ödənilməli idi. Praktikada isə bu norma xüsusilə büdcədən maliyyələşən təşkilatlarda çətinlik yaradırdı. Başqa sözlə, indiyədək qüvvədə olan qanuna görə, işçi birtərəfli olaraq işə götürəndən əməkhaqqının ayda iki dəfə verilməsini tələb edə bilərdi. Ancaq, yeni qanunla bu məcburilik aradan qaldırılır və ikitərəfli razılaşma qaydasına keçilir.

Yeni qanunla əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq veriləcək. Yalnız işəgötürən və işçinin qarşılıqlı razılaşması olduqda, maaş yenə də iki hissəyə bölünərək ödənilə biləcək.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, əslində bir çox işəgötürənlər uzun müddətdir maaşı ayda bir dəfə ödəyir. İndiyədək olan qanun işçiyə iki dəfə tələb etmək hüququ versə də, bu praktiki olaraq mübahisələrə və hesabatlılıq problemlərinə səbəb olurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31