Prezidentin çıxışındakı tezislərdə insan amili mərkəzi yer tutur- ÖZƏL
17:03 Sosial"Sosial rifahın yüksəldilməsi gündəlik həyatın keyfiyyəti ilə ölçülür. Dövlət başçısının "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirədəki çıxışında su təchizatı və kanalizasiya məsələlərinin birbaşa vətəndaşların gündəlik həyat keyfiyyəti ilə bağlı olduğu xüsusi vurğulanır. Keyfiyyətli içməli suya fasiləsiz çıxış, küçə və məhəllələrin yağış sularından qorunması, sanitariya təhlükəsizliyinin təmin edilməsi sosial rifahın əsas indikatorları kimi önə çəkilir. Bu kontekstdə Dövlət Proqramı sadəcə texniki layihə deyil, sosial yönümlü dövlət siyasətinin tərkib hissəsi kimi təqdim olunur. İnfrastrukturun yaxşılaşdırılması ilə əhalinin sağlamlığının qorunması, yaşayış mühitinin komfortlu olması və sosial narahatlıqların aradan qaldırılması arasında birbaşa əlaqə qurulur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Prezident İlham Əliyevin çıxışındakı tezislərdə insan amili mərkəzi yer tutur ki, bu da məsuliyyətli idarəetmə ilə birbaşa bağlıdır. Layihələrin planlaşdırılmasında və icrasında vətəndaş məmnunluğunun əsas meyar kimi götürülməsi, məsul dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və icra intizamının gücləndirilməsi xüsusi tələb kimi irəli sürülür.
Bu yanaşma dövlətin texnokratik deyil, insan mərkəzli idarəetmə modelini seçdiyini göstərir. Yəni məqsəd təkcə boruların, kollektorların və qurğuların inşası deyil, bu infrastrukturun insan həyatında yaratdığı real faydadır. Olkə rəhbərinin bu məsələlərlə bağlı siyasi mövqeyi dayanıqlı inkişafın etibarlı şəkildə təmin edilməsinin və gələcəyə baxış bucağının proyeksiyasıdır. Müşavirədə səsləndirilən fikirlərdən aydın olur ki, Dövlət Proqramı qısamüddətli problemlərin həlli ilə kifayətlənmir. Uzunmüddətli perspektivdə Bakının və Abşeron yarımadasının ekoloji tarazlığının qorunması, su resurslarından səmərəli istifadə və müasir şəhər standartlarına uyğun infrastrukturun formalaşdırılması əsas hədəf kimi müəyyənləşdirilir. Bu isə insan üçün və gələcək nəsilləri nəzərə alan şəhər modeli baxımından "Şəhərsalma və Arxitektura ili"nin ideoloji mahiyyətinə tam uyğundur".