Təmiz dəniz və sağlam ekosistem: Yeni meqa-layihənin ekoloji hədəfləri – ÖZƏL

"2026-2035-ci illəri əhatə edəcək Dövlət Proqramı Abşeron yarımadası və Bakı şəhəri üçün nəzərdə tutulmuş genişmiqyaslı bir layihədir. Hökumətimiz zaman-zaman bu tip strateji layihələr həyata keçirir və hazırda gündəmə gətirilən əsas məsələ Bakının su təminatının yaxşılaşdırılmasıdır".

Bu fikirləri ekoloq Qorxmaz İbrahimli Olaylar.az-a açıqlamasında deyib. Ekoloq bildirib ki, burada əsas problem infrastrukturla bağlıdır. Yəni söhbət su-kanalizasiya sisteminin köklü şəkildə yenidən qurulmasından gedir. Hazırda qeyd olunan 40-45 faiz, qeyri-rəsmi rəqəmlərə görə isə hətta 50-60 faizə çatan su itkilərinin əsas səbəbi məhz mövcud infrastrukturun köhnəlməsi və yararsız vəziyyətə düşməsidir.

Ekspert qeyd edib ki, bu itkilər mənzillərə qədər olan şəbəkədə əsas magistral xətlərin olmaması, sıradan çıxması, köhnəlməsi və istismar müddətini başa vurması ilə bağlıdır. Eyni zamanda, sovet dövründən qalan köhnə binalardakı daxili su sistemlərinin sızdırması da ciddi itkilərə səbəb olur. Bütün bunlar birlikdə həmin 40-45 faizlik itkiləri formalaşdırır.

Ekoloqun fikrincə, 2026-2035-ci illər üçün hazırlanan Dövlət Proqramı da məhz bu problemlərin aradan qaldırılmasını hədəfləyir. Məqsəd Bakının su təminatını sistemli şəkildə yaxşılaşdırmaqdır. Şəhərə su gətirən əsas magistral xətlər - Samur-Abşeron kanalı, Sabirabaddan çəkilən su xətti, eləcə də Prezidentin qeyd etdiyi Oğuz-Qəbələ-Bakı su kəməri zaman-zaman yenilənib və gələcəkdə də bu xətlərin modernləşdirilməsi nəzərdə tutulur. Proqramın tərkib hissəsi olaraq yağış sularının idarə olunması da nəzərdə tutulub. Bu çərçivədə Bakı şəhərində 30 nöqtədə kollektor və qurğuların inşası planlaşdırılır. Yağış sularının toplanması, müəyyən hallarda təmizlənməsi və ya yönləndirilməsi bu layihənin əsas istiqamətlərindəndir.

"Əsas məsələlərdən biri də kanalizasiya sistemidir. Mövcud kollektorların yenilənməsi, bütün Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya şəbəkəsinin vahid sistemə toplanması bu proqramın prioritetlərindəndir. Çünki hazırda bəzi ərazilərdə çirkab suların Xəzər dənizinə lazımi təmizlənmə aparılmadan axıdılması halları mövcuddur və proqram bu problemi də həll etməyi hədəfləyir. Bu baxımdan layihəni Abşeron yarımadasının su problemini qismən, hətta müəyyən mənada tam həll edə biləcək bir meqa-layihə kimi dəyərləndirmək olar", - deyə Q. İbrahimli əlavə edib.

Ekoloqun sözlərinə görə, yeraltı sularla bağlı isə hər hansı ciddi risk gözlənilmir. Abşeron yarımadasında yeraltı içməli su layları əsasən bu layihədən asılı deyil və proqramın onların qorunmasına mənfi təsiri nəzərdə tutulmur. Burada əsasən mövcud quyu suları və digər lokal mənbələrdən söhbət gedir. Eyni zamanda, qeyri-qanuni tikililər və gecəqondu ərazilər üçün də su və kanalizasiya sistemlərinin yaradılması və ya mövcud normativlərin tətbiqi nəzərdə tutula bilər. Əgər bu sistem düzgün şəkildə qurularsa, Bakı şəhərinin ekosisteminə mənfi təsir göstərməyəcək. Əksinə, bu layihənin şəhər mühiti üçün yalnız müsbət təsirləri ola bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31