Yas mərasimlərində israfçılığa son: dini və mənəvi yanaşma -ÖZƏL 

Son dövrlər bir sıra rayonlarda yas mərasimlərinin daha sadə və dini prinsiplərə uyğun keçirilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Dəbdəbəli ehsan süfrələrindən imtina bir tərəfdən israfçılığın azalması, digər tərəfdən isə mənəvi dəyərlərə qayıdış kimi qiymətləndirilir. Bunun ölkə üzrə tətbiqi bəziləri tərəfindən ənənələrə müdaxilə, digərləri tərəfindən isə dövrün tələbi hesab olunur. İslam baxımından yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin verilməsi nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Olaylar.az-a açıqlama verib:
" Son illər ölkəmizdə bu sahədə ciddi tədbirlər görülüb. Bu tədbirlərin müsbət nəticələrini hər keçən gün müxtəlif rayonlardan və kəndlərdən eşidə bilirik. Yas mərasimlərində demək olar ki, maddi ehsan, yəni süfrələr kifayət qədər azalıb. Lakin hələ də bu dəbdəbəli mərasim formaları şəhərdə, yəni paytaxtda qalmaqdadır. Burada önəmli olan məsələ ondan ibarətdir ki, əvvəla yas mərasimlərində verilən ehsan süfrələrinin ayıb olacağı, ya da "camaat nə deyər" kimi ifadələr sanki dinin dediyindən daha önəmli sayılır. İnsanlar ictimai təzyiq altında ehsan verir. Bu isə əslində verilən ehsanın ruhuna ziddir. Peyğəmbərimiz (s.a.s.) zamanında yas mərasimləri sadəcə üç gün nəzərdə tutulurdu. Allah rəsulu vəfat etmiş, eyni zamanda hüznə boğulmuş ailəyə dəstək olunmasını tövsiyə edirdi: "Siz özünüzlə bərabər yemək götürün, o ailənin dərdi, qəmi, kədəri var, ona şərik olun." Səhabələr də bu addımı atırdılar.
Amma müəyyən bir dövr keçdikdən sonra görünür ki, bir çox adətlər ibadətin yerinə keçib, dini ənənələr arxa planda qalıb, daha çox adətlər önə çıxıb. İndi isə 21-ci əsrdə biz ziyarlarla, din xadimləri ilə və bu işə hörmət edən insanlarla birlikdə çalışırıq ki, mərasimlərimizi yenidən ənənəvi hala gətirək. Burada yemək sadəcə ehsan deyil, ehsan əslində ibadətin daha ali bir formasıdır.
İnsanlar bu məclislərə gələndə hədislər eşidir, ayələri öyrənir, halal-haramı öyrənirlər. Ziyalı və yaxşı din xadimlərinin verdiyi söhbətlər, mənəvi xütbələr bir çox insanlar üçün əvəzolunmaz nemətə çevrilib. Odur ki, hər halda bu dəvətlər davam etdirilməlidir. Yəqin ki, bir gün ölkənin hər yerində islami dəyərlərə uyğun gözəl məclislərimiz olacaq. Bu mümkündür, amma çətindir. Çətin olsa da, ötəsindən gələ bilərik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31