15 manatla bağlı narazılığa Yazıçılar Birliyindən REAKSİYA
14:55 Sosial"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı - illik 15 manat məbləğində ödəniş ilə bağlı narazı fikirlərin səsləndirildiyi müşahidə olunur. Birliyin guya bu ödənişi "tələb etməsi" barədə iddialar irəli sürülür. Bu məsələ ilə bağlı rəsmi mövqeyimizi bildirməyi zəruri hesab edirik".
Milli.Az xəbər verir ki, bu barədə AYB məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri dövlət və ictimai dəstək mexanizmlərindən mütəmadi şəkildə faydalanırlar:
"Hazırda 70 yazıçı Prezident təqaüdü ilə təmin olunur (illik 3600 manat), gənc nəsil nümayəndələri üçün isə illik 2400 manat məbləğində Prezident təqaüdləri nəzərdə tutulub. Birlik tərəfindən müntəzəm olaraq ədəbi müsabiqələr keçirilir, mükafatlar, qrantlar və əlavə təşviq mexanizmləri təsis olunur. Bir çox üzvlərimiz fəxri adlara layiq görülüb və bu adlara görə dövlət tərəfindən ömürlük maddi təminat müəyyən edilib.
Yazıçıların əsərləri və məqalələri Birliyin nəşrlərində dərc olunur və qonorar əsasında ödənilir. İmkan daxilində sosial dəstək göstərilir - müalicə, dərman təminatı, tibbi müəssisələrə müraciətlərdə köməklik, eləcə də ayrı-ayrı hallarda mənzil məsələlərinin həllinə yardım edilir. Birliyin üzvləri Şabran və Şüvəlan yaradıcılıq evlərində ödənişsiz istirahət etmək hüququna malikdirlər".
"Xüsusi olaraq vurğulayırıq ki, illik 15 manat məbləğində üzvlük haqqı Birliyin nəşr etdiyi jurnallardan birinin belə xərclərini qarşılamaq imkanına malik deyil.
Məsələ sadə və açıqdır: Üzvlük haqqını ödəməyən şəxs Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edə bilər", - bəyanatda qeyd edilib.
Qeyd edək ki, dünən Azərbaycan Yazıçılar Birliyinə üzvlüyün dayandırıldığı elan edilib.