Alternativ su mənbələrinin yaradılması vacib şərtdir- Özəl
13:26 Sosial"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40-45 faizdən kəskin şəkildə azaldılması əsas prioritetlərdən biridir. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması, Bakının 30 küçəsində yağış sularının idarə olunması üçün yeni kollektor şəbəkələrinin qurulması şəhər infrastrukturunun dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Xəzər dənizinin qorunması da proqramın mühüm tərkib hissəsidir. Dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək. Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun inşası isə alternativ su mənbələrinin yaradılması baxımından strateji yenilikdir və bu layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi iqtisadi səmərəliliyi artırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su siyasəti göstərir ki, Azərbaycan gələcək riskləri qabaqcadan hesablayan, resurslarını qoruyan və əhalinin rifahını uzunmüddətli perspektivdə təmin edən dövlət modelini formalaşdırıb. 2026-2035-ci illər üçün Dövlət Proqramı bu yanaşmanın məntiqi davamı olmaqla, su təhlükəsizliyini ölkənin strateji inkişaf gündəliyinin mərkəzinə yerləşdirir".