Azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası diqqət mərkəzindədir -Özəl

"Ölkəmizdə su ehtiyatlarının idarə olunması sahəsində görülmüş işlər xüsusi əhəmiyyət daşıyır. Son iyirmi ildə inşa edilmiş dörd böyük su anbarı, o cümlədən Taxtakörpü və Şəmkirçay layihələri Bakının və qərb bölgəsinin su təminatında həlledici rol oynayır. Samur çayı sularının Ceyranbatan anbarına yönləndirilməsi, bu anbarın tam yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi paytaxtın su təhlükəsizliyini möhkəmləndirib. Eyni zamanda, şəhər və rayonlarda içməli su və kanalizasiya layihələrinin mərhələli icrası uzun illər yığılıb qalmış problemlərin həllinə imkan verib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası ayrıca strateji istiqamət kimi diqqət mərkəzindədir. Sərsəng, Suqovuşan, Xaçınçay, Köndələnçay və Zabuxçay su anbarlarının yenidən qurulması təkcə həmin bölgələrin deyil, bütövlükdə regionun su balansına müsbət təsir göstərir. Bu layihələr kənd təsərrüfatının canlanmasına, yaşayış məntəqələrinin su ilə fasiləsiz təminatına və ekosistemin bərpasına xidmət edir. Eyni zamanda, Həkəriçay və Bərgüşadçay üzərində planlaşdırılan yeni anbarlar uzunmüddətli ehtiyatların formalaşdırılmasına hesablanıb.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısının vurğuladığı məsələlərdən biri də iqlim dəyişikliklərinin yaratdığı risklər idi. Qlobal miqyasda müşahidə olunan yağıntı rejimlərinin dəyişməsi, quraqlıq və daşqın hallarının artması su ehtiyatlarının daha çevik və elmi əsaslarla idarə olunmasını tələb edir. Bu baxımdan məqsəd yalnız mövcud ehtiyatlardan istifadə deyil, onların qorunması, mövsümi yığım imkanlarının artırılması və dəqiq uçot sisteminin qurulmasıdır. Əhali, sənaye və kənd təsərrüfatının dayanıqlı su ilə təmin edilməsi bu strategiyanın əsas xəttini təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31