Süni intellektlə yazılan şeirlər- sənət, yoxsa təqlid?
16 Yanvar 23:10 SosialSüni intellekt yarımçıq papaqçı misalındadır- yarımçıq həkim olar, yarımçıq hakim olar, yarımçıq vəkil, rəssam, bəstəkar, reportyor olar... amma yarımçıq şair olmaz. Çünki şairlik texnika ilə deyil, ilahi vergiylə ölçülür.
Süni intellektin həyatımıza daxil olması yalnız texnologiya sahəsində deyil, həm də mədəniyyət və yaradıcılıq dünyasında böyük dəyişikliklərə yol açıb. Son illərdə süni intellektin ədəbiyyat aləmində ortaya çıxması, xüsusilə şeir janrına daxil olmağı yeni suallar doğurur. Artıq şeir yalnız insan qəlbinin səsi, duyğuların və fikirlərin ifadəsi kimi görünmür, eyni zamanda proqramlar, alqoritmlər vasitəsilə də "yaradıla" bilir. Məncə, bu, həm heyrətamiz, həm də düşündürücü bir inkişafdır. Bir tərəfdən texnologiyanın imkanlarını göstərir, digər tərəfdən isə sənətin mahiyyəti barədə dərin suallar ortaya qoyur.
Düşünürəm ki, süni intellektin şeir yaratma prosesi öz təbiətinə görə dərin analitik bir fəaliyyət kimi səciyyələnir. Proqramlar minlərlə klassik və müasir nümunəni analiz edir, sözlərin ritmini, üslubunu, metaforalarını öyrənir və yeni kompozisiyalar yaradır. Bu baxımdan süni intellekt "yaradıcı" kimi çıxış edir, amma burada önəmli məsələ odur ki, onun yaratdığı şeir insana xas olan emosional dərinliyi və təcrübəni özündə əks etdirə bilərmi? Beləliklə, süni intellektin şeir sahəsinə girişi yalnız texnoloji inkişaf deyil, bu həm də estetik və fəlsəfi eksperimentdir. Düşünürəm ki, gələcəkdə süni intellektlə insan yaradıcılığı arasında qarşılıqlı təsir daha da güclənəcək, yeni şeir üslubları, ifadə formaları və oxucu təcrübələri ortaya çıxacaq.
Süni intellekt tərəfindən yaradılan şeirlərdə isə biz yalnız əvvəlki nümunələrin kombinasiyasını görürük. Alqoritm yeni söz birləşmələri yarada bilər, ritmi və üslubu dəyişdirə bilər, hətta müəyyən emosional tonları simulyasiya edə bilər. Lakin onun hissləri şəxsi təcrübədən doğmur, o, duyğuları "təqlid" edir, onları yaşaya bilmir. Düşünürəm ki, bu vəziyyət ədəbiyyatın gələcəyini yenidən düşünməyə məcbur edir. Süni intellekt şeirləri oxucuya yeni estetik və intellektual təcrübələr təqdim edə bilər, onlar bizə dilin imkanlarını, üslubun sərhədlərini və poetik təsirin müxtəlif formasını göstərir. Süni intellektin yaradıcılıq sahəsinə girməsi ilə ədəbiyyat aləmi də yeni bir dönəmə qədəm qoyub. Artıq şairlərdən əlavə proqramlar və algoritmlər də "yaradır". Amma sual qalır: Süni intellektin yazdığı şeirlər həqiqətən sənət sayılır, yoxsa yalnız insanların üslubunu təqlid edən bir alqoritmdir?
Mövzu ilə bağlı yazıçı-jurnalist İradə Aytel Olaylar.az-a açıqlama verib:
" Süni intellekt dünənin düşüncə məhsuludur. Hər bir mənbə kimi onun da ömrü bir gün tükənəcək. Mənim üçün əsas sual budur: o gün gəldikdə, öz yaradıcılıq qabiliyyətini paslandırmış insanlar nəyə söykənəcək? Bəli, süni intellekt artıq yaradıcılıq sahəsinə daxil olub. Amma yaradıcılıq təkcə istedad, müşahidə və texniki bacarıqdan ibarət deyil. Yaradıcı insan əsərini içindən, ürəyinin süzgəcindən keçirməlidir. Əgər əsər müəllifin qəlbindən süzülməyibsə, orada sənət yoxdur. Süni intellektin isə ürəyi yoxdur. Deməli, onun yaratdıqları ürəkdən süzülə bilməz. Sabir Rüstəmxanlının dediyi kimi: "Ürəksiz də oxunar, ürəksiz yazılanlar."
Sizə bir örnək gətirim. Məsələn, bir kitab oxuyuruq və ya eyni mətni səsli şəkildə dinləyirik. Səsli dinlədikdə biz əsasən əsərin məğzini, demək istədiyini anlayırıq, ümumi bir nəticə çıxarırıq və yolumuza davam edirik. Amma oxuyanda tamam başqa bir proses baş verir. Oxuduğumuz sətirlərdən hansısa bir fikir bizi cəlb edəndə dayanırıq, düşünürük, altından xətt çəkirik, özümüz üçün qeydlər edirik. Bəzən həmin fikri həyatla qoşalaşdırır, öz taleyimizdə, yaşadıqlarımızda qarşılığını axtarırıq. Süni intellektin məhsulları isə təmasdan - gözün və barmaqların toxunuşundan məhrumdur. Süni intellekt mətni məlumat kimi ötürür, amma yaşantı kimi vermir. O, məna çatdırır, lakin hiss oyatmır. Çünki hiss ötürmək üçün ürək lazımdır. Ürək olmayan yerdə isə söz sadəcə səsdir.
Süni intellektin yazdığı təkcə şeir yox, hətta nəsr də sənət hesab oluna bilməz. Oxucu ilk sətirlərdən hiss edəcək ki, qarşısındakı mətn süni zəkanın "əməyidir". Çünki orada insan nəfəsi yoxdur. Yenə də gəlib çıxırıq ürək məsələsinə...
Süni intellekt ədəbiyyata təsir edir. Həm də çox güclü, çox təhlükəli şəkildə. Bu təsir birbaşa ədəbiyyatı yaradan insanı zəhərləyir. Beyinlər düşünməkdən, hisslər təmasdan ayrıldıqca, insanlığın özü olan duyğu anlayışı yoxa çıxır. Bir müddət sonra hisssiz-duyğusuz yazılar kimi, hisssiz-duyğusuz insanlar yetişəcək. Bu isə artıq təkcə ədəbiyyatın deyil, insaniyyətin ölümü deməkdir. Süni intellekt şeir yaza bilərmi? - Xeyr! Heç vaxt! Süni intellekt heç vaxt şeir yaza bilməyəcək. Şeiri əl yazmır, şeiri ürək yazır, qəlb yazır, hisslər yazır. Süni intellektin yazdığı şeirlər müxtəlif şairlər tərəfindən qələmə alınmış duyğuların məcmusu kimi ortaya qoyulur. Bir insanın yalnız bir atası olduğu kimi, bir şeirdə də yalnız bir insanın duyğusu olmalıdır.
Bir ürəkdə olmaz iki sevgili,
İki ürəklinin düz olmaz dili. (N.Gəncəvi).
Süni intellektdən xəbər mətnlərində, reportajlarda, bəzən publisistik yazılarda, hətta bədii dil korluğu çəkənlərin nəsr təcrübələrində istifadə etmək mümkündür. Bu sahələrdə süni intellekt texniki yükü daşıya, informasiyanı sistemləşdirə, formaya sala bilir. Süni intellekt yarımçıq papaqçı misalındadır-yarımçıq həkim olar, yarımçıq hakim olar, yarımçıq vəkil, rəssam, bəstəkar, reportyor olar... amma yarımçıq şair olmaz. Çünki şairlik texnika ilə deyil, ilahi vergiylə ölçülür.
Şeirin böyüklüyü də, aliliyi də, müqəddəsliyi də elə buradadır. Şeir ağılın deyil, ürəyin məhsuludur. O, qayda ilə yazılmır, proqramla qurulmur, algoritmlə yaranmır. Şeir insanın içində baş verənlərin sözə çevrilmiş halıdır".
Beləliklə, süni intellektin ədəbiyyata gəlişi həm maraqlı, həm də düşündürücüdür. O, şeir yazmaq imkanı qazansa da, yaratdığı əsərlər həqiqi sənət hesab oluna bilməz. Çünki şeir yalnız texnika, proqram və analiz nəticəsi deyil, şeir insanın ürəyindən, qəlbindən süzülən duyğuların, həyat təcrübəsinin və ilahi ilhamın məhsuludur. İradə xanımın da vurğuladığı kimi, "yaradıcı insan əsərini içindən, ürəyinin süzgəcindən keçirməlidir. Əgər əsər müəllifin qəlbindən süzülməyibsə, orada sənət yoxdur. Süni intellektin isə ürəyi yoxdur. Deməli, onun yaratdıqları ürəkdən süzülə bilməz." Süni intellekt heç vaxt şairi əvəz edə bilməz, şeir insan ürəyinin, daxili aləminin və yaşam təcrübəsinin əbədiləşmiş sözüdür. Həqiqi sənət orada başlayır-ürəkdən doğan, oxuyanda bizi dərin düşüncələrə və hisslərə aparan əsərdə.
Zeynəb Mustafazadə