Sonuncu tapşırıq
16 Yanvar 20:00 SosialŞəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə
(povest)
əvvəli ötən sayımızda
26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi yaxınlığında Qarqar çayının sahilində, "Tək söyüd"ün yanı (koordinatlar: 39°58′22″ şimal enliyi, 47°03′2″ şərq uzunluğu) saat 02:06.
- Əşya kisələrinizi çıxardıb, dincəlin. - çavuş Qalalı göstəriş verdi.
- Ucarlı, ötür, qoy hamı dincəlsin. - Hüseyn Ucarlıya ötürdü.
- "Dincəlin", "dincəlin"- pıçıltılı səslər sanki "Tək söyüd"ün budaqları arasında əks-səda verirdi.
- Kürdəmir, Professor, fasiləsiz müşahidəni təşkil və təmin edin! - çavuş Qalalı göstəriş verdi.
- Oldu, fasiləsiz müşahidəni təşkil və təmin etmək! - hər iki əsgər birlikdə astadan cavab verdilər.
- Ucarlı, 02:10-dur, 03:10-da hamı burada - ağacın dibində toplanır. Yatmaq istəyən növbə ilə yata bilər. - çavuş Qalalı əsgər Ucarlıya göstəriş verdi.
- Oldu, yoldaş çavuş! - əsgər Ucarlı cavab verdi.
- Hə, Hüseyn, de görək necə oldu ki, sizin belə gözəl, cənnət-məkan kəndinizi bir günün içində yandırıb-yaxdılar? - deyə, çavuş Qalalı marağını gizlədə bilmədi. Həm məlumat almaq, həm vaxtdan səmərəli istifadə etmək məqsədi ilə Hüseynə belə bir sual ünvanladı.
- Mən həmin vaxt əsgərdə idim. Ona görə də dəqiq məlumatım yoxdur. - söhbət etməyə elə də həvəsli görünməyən Hüseyn uzandığı yerdəncə gözləri göy üzündə cavab verdi.
- Göydə nə görmüsən, ay Hüseyn, belə diqqətlə baxırsan?- çavuş Qalalı soruşdu.
- Heç nə. Heç nə yoxdur. Maraqlıdır ki, aydınlıq olsa da, elə də çox ulduz yoxdur göydə. Öz ulduzumu axtardım tapa bilmədim. - Hüseyn sakit və aramla cavab verdi - sabah kəndə gedəcəyik, mən də gözümün acısını almaq istəyirəm. Həm də çoxdandır heç belə torpağın üstünə uzanmamışdım. Adamın canı dincəlir, çox rahatlanır. - Hüseyn dedi və əllərini boynunun arxasında rahatlayıb yenidən gözlərini göy üzünə zillədi.
- Ucarlı, hamıya bir-bir baş çək, gör vəziyyət necədir. - çavuş Qalalı göstəriş verdi.
- Oldu! - Ucarlı dedi və getdi.
- Qalalı, ora bax, ulduz axdı. Bax, bax hələ də gedir... - Hüseyn Qalalıya axan ulduzu göstərməyə çalışdı.
- Hə, mən də gördüm. Ani olaraq süzüb getdi. - Qalalı cavab verdi.
- Görəsən, hərənin bir ulduzu var, deyimi düzdür? - Hüseyn Qalalıdan soruşdu.
- Mən belə şeylərə inanmıram. - Qalalı konkret cavab verib, söhbəti kəsdi. Araya uzun müddət sükut çökdü. Uzaqda çaqqal ulaması, hərdən lap yaxında vaqqıltısı belə eşidilirdi. Ağacdan da arada-sırada səslər gəlirdi. Xeyli davam edən sükut yenə düşmən tərəfdən pozuldu. Kəndin lap aşağı hissəsindən göyə yandırıcı-işıqsaçan güllələrdən atəş açılırdı. Atəşkəs elan olunduqdan bəri belə hallar tez-tez olurdu. Düşmən əsgərləri bizim mövqelərə tərəf deyil, havaya, özlərinə tərəf çoxlu atəş açırdılar. Arada bizim əsgərlər də bu atış yarışına qoşulurdular. Yaxşı ad da qoymuşdular. Bu işin adı "yazmaq" idi. Qəribəsi o idi ki, düşmən əsgərləri də bu işə "yazmaq" deyirdilər. Yaxın mövqelərdə qışqıraraq səslə və ya rabitə vasitələri ilə siz də "yazın", biz "yazırıq" deyirdilər. Düşmən əsgərləri xeyli yazdıqdan sonra sakitləşdilər. Elə təzə sakitləşmişdilər ki, lap yaxından təxminən 800-900 metr məsafədən, indi də kəndin yuxarı başından "yazmağa" başladılar. Atəş səsləri çaqqaların ulaşmasına, vaqqıltısına qarışmışdı. Hüseyn cəld qalxıb, atəş açılan tərəfə baxdı. Düşmən əsgərləri səmada "0" yazırdılar. Atəş təxminən poçtun yanı tərəfdən açılırdı. Elə bu vaxt təxminən köhnə məktəb tərəfdən "Kristal" atıldı. Hər yan ağappaq süd kimi oldu. Hüseyn məqamdan istifadə edərək atəş açılan yeri dəqiqləşdirdi. Bura "8 hektar"la, "4 hektar"ın arasında "Şıxhəsən"in qurtaracağındakı bostan yeri idi. Hüseyn özü üçün yeri tam dəqiqləşdirdikdən sonra dedi:
- Bildim haradan atırlar. Buradan oraya lap uzağı 1 km olar. Maraqlıdır ki, gecənin bu vaxtı orada nə edirlər. Əgər orada düşmən əsgəri varsa, böyük ehtimal ki, kəhrizin üstündə və ya yaxınlığında da olacalar. Sabah çox işimiz olacaq. Belə getsə indi keçə bilməyəcəyik.
- Hə, lap yaxındadırlar. Hüseyn, bilmirsən, orada nələri var? - çavuş Qalalı böyük maraqla soruşdu.
- Keçən dəfə gələndə heç nə yox idi. Hava işıqlaşsın, görəcəyik nə var, nə yox. - Hüseyn gözü atəş açılan tərəfdə cavab verdi. Kürdəmir də onların yanına gəldi. Xeyli sakit durduqdan sonra dedi:
- Yüz faiz gəldiyimizi bilirlər.
- Kürdəmir, sus! Get müşahidəni apar! - çavuş Qalalı bir qədər əsəbi müdaxilə etdi. Kürdəmir getdi, Ucarlı gəldi:
- Yoldaş çavuş toplanaq, 5 dəqiqə işləyib.
- Toplanın! Müşahidədə bircə Kürdəmir qalsın. - çavuş Qalalı göstəriş verdi.
5 dəqiqə keçməmiş hamı toplandı. "Tək söyüd"ün dibində dairəvi oturdular. Çavuş Qalalı vəziyyəti izah etməyə başladı:
- Belə vəziyyətdə düşmənin arxasına keçə bilmərik. Havanın işıqlanmasını gözləyəcəyik. Gündüz işıqlı vaxtdan istifadə edərək, düşmənin müvəqqəti və ya daimi yerləşmə yerlərini müəyyən etdikdən sonra hamımız bir yerdə, bir qrup halında və ya bölünüb iki qrup halında keçəcəyimizə qərar verəcəyik. Uzağı 1 saata artıq işıqlaşmağa başlayacaq. Çox uzağa dağılmadan hamı yaxşıca dincəlsin. Kim yemək istəyirsə, yeyə bilər. Ocaq qalamaq olmaz. Növbəti toplanış barədə Ucarlı məlumat verəcək. Dincəlin.
- Oldu! - əsgərlər astadan cavab verib arxın içində hərə özünə bir yer tapıb oturdu.
- Hüseyn, gündüz hamımız bir yerdə burada bütün gün boyu topa qala bilmərik. Fikrin necədir? - çavuş Qalalı Hüseyndən soruşdu.
- Hava bir az işıqlaşsın, "valın" vəziyyətin gözümlə görüm, dəqiq deyəcəm. Ancaq bütün hallarda "val"dan sərfəli yer olmayacaq. - Hüseyn cavab verdi.
- "Val, "val" deyirlər, ərazinin plan sxemində də uzun bir xətt kimi işarələmişdilər. İzah elə, de görüm bu "val" nə olan şeydir, ay Hüseyn? - çavuş Qalalı Hüseyndən soruşdu.
- "Val" bax buradan düz kəhrizə qədər uzanan arxdı. Uzun səngər kimi dərin su arxı. Hər iki tərəfi də qalın söyüd ağacları. O söyüdlər, bu söyüddən deyil. Onlar bir az balaca, kol kimi, şaxlı-şəvəlli sarı söyüddür. Hər il qırıldığına görə çox böyüyə bilmirlər. Kol kimi qalırlar. Sonuncu dəfə 92-nin payızında qırılıb. - Hüseyn izahat verdi.
- Hər il niyə qırırlar ki, yazıq ağacları,ay Hüseyn? - çavuş Qalalı maraqla soruşdu.
- O sarı söyüdün qırılmış nazik çubuqları ilə tənəkləri məftillərə bağlayırlar ki, üzüm yetişəndə bar budaqları əyib sındırmasın, yerə dəyməsin. Hava tam işıqlaşsın, görəcəksən, buralar hamısı üzüm bağlarıdır. Düz "Şıxhəsən"ə qədər - dedi və əlini "8 hektar"ın üstünə uzatdı. Hava işıqlaşdıqca atəş sələri, heyvan səsləri tamam kəsildi, quşlar oxumağa başladı. Bir azdan tam sakitlik çökdü. Demək olar ki, hava tamam işıqlaşmışdı. Nə qədə boylansalar da bayaqdan atəş səsləri gələn tərəfdə bir ins-cins yox idi. Hüseyn cəld uşaq vaxtı olduğu kimi "Tək söyüd"ə dırmaşdı. Ha boylandı, lakin heç nə görə bilmədi. Ətraf tam sakitlik idi. Sükut qulaqların pərdəsini deşirdi. Hüseyn qalxdığı kimi də cəld düşüb, Ucarlını çağırdı:
- Ucarlı, bura gəl.
- Gəldim. - Ucarlının səsi bir az avazımışdı.
- Ucarlı, bax gör, Dərviş hardadı? - Hüseyn dedi.
- Mingəçevirlini deyirsən? - Ucarlı soruşdu.
- Bəli. Mingəçevirlini deyirəm. Onu çağır gəlsin. - Hüseyn cavab verdi. Az keçməmiş Dərviş gəlib çıxdı:
- Buyur, qadam, yenə meydan bizəmi qaldı? - Dərviş Mingəçevirdən olan sıx qıvrım saçlı, Dərviş ləqəbli əsgər xüsusi intonasiya və əda ilə Hüseyndən soruşdu.
- Az danış, Dərviş. Hazırlaş, gedək görək, nə var, nə yox? - Hüseynin üzünə yüngülcə təbəssüm qondu. Qalalı və Ucarlı Hüseyni bəlkə də ilk dəfə belə gülümsəyən görürdülər.
- Mən hazır, dərvişin var-yoxu həmişə heybəsində olur. - dedi və əlilə yanındakı çantasını göstərdi. Hüseyn də, Dərviş də əşya çantalarını çavuş Qalalıya təhvil verib, silahlarını bir də nəzərdən keçirdilər, əlavə patron daraqları və əl qumbarası götürüb, üzü kəhrizə tərəf "Val" istiqamətində "Tək söyüd"ün yanından təzəcə ayrılmışdılar ki, qəfil Hüseynin ayağının altından böyük bir qara ilan sivişib getdi. Bu məqam Dərvişin də nəzərindən qaçmadı:
- Hüseyn qardaş, buralarda belə şeylər də olur? Bu ki lap qara mamba idi. - Dərviş təəccübünü gizlədə bilmədi. İkisi birlikdə sürətlə sürüşüb gedən ilanın arxasınca baxdılar.
- Yəqin su ilanıdır. Düzü mən də birinci dəfə idi həm bu boyda böyük, həm də qara rəngdə ilan görürdüm. - Hüseyn məsələyə münasibət bildirdi. Hələ günəş doğmasa da hava demək olar ki, tam işıqlaşmışdı. Qurşaqdan olan yaşıl otların içində gözdən itənə qədər ilanın arxasınca baxdıqdan sonra "Val"ın yamacı ilə qalxaraq, sıx söyüd budaqlarının arasından güclə keçib dərin arxın içinə girdilər. Arxın içi elə də hündür olmayan yaşıl cillə örtülü idi. Görünür indi quru olsa da, arada-sırada arxda su olur, yoxsa cil belə təzə-tər yaşıl olmazdı. Arx əsl maskalanmış təbii səngər idi. Rahat şəkildə düz kəhrizə qədər gəldilər. Heç kim gözə dəymirdi. Hüseyn kəhrizin nisbətən geniş, su toplanan hissəsini göstərib dedi:
- Eh, Dərviş, burada o qədər çimmişik...
- Yenə çimərsən, qadam. - Dərviş hazırcavablığın həmən nümayiş etdirdi.
- Yaxşı, gedək görək orada nə var? - Hüseyn dedi və əlilə Dərvişə gedəcəkləri istiqaməti göstərdi. Bu axşam güllə atılan tərəf idi. Hüseyn öndə, Dərviş arxasınca ehtiyatla "Şıxhəsən"lə üzü kəndə tərəf getməyə başladılar. Hüseyn "Qırma"nı heç vaxt bu vəziyyətdə görməmişdi. Elə bil hər keçən gün buralar daha da vəhşiləşir, vaxtında mal-heyvan otardıqları yerlər gündən-günə cəngəlliyə dönürdü. Böyürtkən kollarına qısıla-qısıla "4 hektar"ın çax-çaxına çatdılar. Hər tərəfin kol-kos və qurşaqdan yuxarı ot olması işə yarayırdı. Hüseyn hiss etdi ki, sol tərəfdə nəsə qəribə səslər gəlir. Dərvişə əlilə işarə etdi. Dərviş də başı ilə səs eşitdiyini təsdiqlədi. Ehtiyatla səsə tərəf getdilər. Yaxınlaşdıqca səs aydın eşidilirdi. Otun içinə yatdılar. Bir xeyli gözlədikdən sonra sürünə-sürünə səsə tərəf irəliləməyə başladılar. Hüseyn bu dərəni yaxşı tanıyırdı. Qoz ağaclarının altında 3-4 texnika yerləşə biləcək təbii sığınacaq idi. Həm kəndə yaxın, həm gizli, həm də dərin. Hüseyn əlilə Dərvişə qal işarəsi verib, özü irəliləməyə davam etdi. Çalaya ən yaxın qoz ağacına çatıb, bir göz qırpımında ağacın qol-budaqları arasında gözdən itdi. Budaqların onu saxlaya biləcəyi qədər hündürə qalxıb ətrafı və dərəni müşahidə etməyə başladı. Çalaya saldıqları "MTLB" idi. Üstündə də nəsə var idi, ancaq buradan yaxşı görmək olmurdu. Hələlik gözünə yalnız 2 əsgər dəydi. Onlar da nəsə bərk mübahisə edirdi. Başları bərk qarışmışdı. Nisbətən cüssəli əsgər boyca balaca və nisbətən zəif olan əsgəri nəyəsə razı salmağa çalışırdı. Hüseyn cəld ağacdan düşüb, Dərvişin yanına qayıtdı:
- Çalaya 1 "MTLB" salıblar üstündə nəsə var mən tanıya bilmədim. Həm də yaxşı görmək olmur. Gərək lap yaxına gedək. Əsl məqamıdır. İki əsgər oyaqdır. Deyəsən biri o birinin başını bişimək istəyir. Nəsə başları çox qarışıqdı. Nə qədər ki, o biriləri oyanmayıb tez gedək, yaxından baxaq, görək bu zibil nədir. Dur sürünmək lazım deyil, cəld hərəkət eləmək lazımdır. - Hüseyn dedi və "4 hektar"ın çəpərinin qırağı ilə əyilə-əyilə "MTLB" olan çalanın yanına qaçdı, Dərviş də onun ardınca...
Ardı gələn nömrəmizdə
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü