Bu cür tələblər vətəndaşları sui-istifadə risklərinə məruz qoyur- ÖZƏL

"Şəhərsalma və Tikinti Məcəlləsinə edilən son dəyişiklik bir daha göstərir ki, ölkədə problemləri həll etmək əvəzinə, onları kağız üzərində "tənzimləmək" ənənəsi davam edir. Öz həyətində 3 metrdən hündür və ya 100 kvadratmetrdən bir qədər böyük yardımçı tikili inşa etmək üçün icazə tələbi qoymaq, real şəraitdən uzaq, formal yanaşmanın nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu VHP sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "Bu qərar Avropa ölkələrinin təcrübəsinə istinad kimi təqdim edilsə də, sosial-iqtisadi reallıqlar tamamilə fərqlidir. Həmin ölkələrdə kənd təsərrüfatı yüksək gəlirli, sənaye tipli sahibkarlıq sahəsidir və əhalinin çox kiçik bir hissəsi bu sektorla məşğuldur. Azərbaycanda isə aqrar sahə milyonlarla insan üçün sadəcə dolanışıq vasitəsidir. Kiçik torpaq payı olan ailələr üçün həyətyanı sahədə tikilən tövlə və ya toyuq hini biznes yox, gündəlik yaşamın ayrılmaz hissəsidir.
Belə bir şəraitdə 101 kvadratmetrlik toyuq hini üçün icazə tələb etmək nə şəhərsalma intizamı yaradır, nə də təhlükəsizlik problemini həll edir. Əksinə, bu cür tələblər vətəndaşı əlavə vaxt itkisinə, qeyri-müəyyən prosedurlara və potensial sui-istifadə risklərinə məruz qoyur. Bu prosesin əsas yükü isə yerli icra hakimiyyətlərinin üzərinə düşür və illərdir formalaşmış idarəetmə praktikası göstərir ki, bu cür icazələr sadə və şəffaf mexanizmə çevrilmir.
Nəticədə, bu gün "sadə hin tikintisi" kimi görünən məsələ sabah yerli icra strukturlarının müdaxiləsi ilə uzadılan, sənədləşmə tələb olunan, yoxlamalarla müşayiət edilən problemə çevriləcək. Hin tikənin də başına oyun açılacaq, vətəndaş öz həyətində ən elementar ehtiyacını qarşılamaq üçün qapı-qapı düşməli olacaq.
Əgər məqsəd həqiqətən sənaye tipli istehsalı nəzarətdə saxlamaqdırsa, bunun üçün daha real, ölçülü və məqsədyönlü meyarlar müəyyən edilə bilərdi. Kiçik ailə təsərrüfatlarını böyük istehsalçılarla eyni çərçivəyə salmaq isə nə iqtisadi məntiqə uyğundur, nə də sosial ədalətə. Dövlət və yerli icra strukturları vətəndaşın həyatını asanlaşdırmalı olduğu halda, onu icazə dalınca göndərməməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31