Azərbaycanda 100-dən çox məktəb ləğv olunacaq - Dərslər onlayn olacaq - AÇIQLAMA

"Şagird sayı az olan məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması bir neçə rakursdan araşdırılıb və burada əsas problemlər sosial-iqtisadi amillər, eləcə də müəllim çatışmazlığı ilə bağlıdır".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, azşagirdli məktəblərdə bir çox hallarda bir neçə fənn üzrə müəllim olmur və nəticədə şagirdlər illərlə bəzi fənləri ümumiyyətlə keçə bilmirlər:

"Elə hallar var ki, bütöv bir sinif iki-üç il dalbadal kimya, biologiya və ya digər fənni öyrənmir. Səbəb sadədir. Həmin məktəbdə o fənni tədris edəcək müəllim yoxdur. Bu isə artıq ciddi siqnaldır. Burada söhbət regiondan yox, konkret məktəbdən gedir".

Vəfa Yaqublu bildirib ki, azşagirdli məktəblərdə dərs saatları az olduğu üçün müəllimlərin əməkhaqqı da aşağı olur və bu, kadr təminatında ciddi problemlər yaradır:

"Uzun müddətdir müzakirə olunur ki, azkomplektli məktəblərdə kadr təminatını necə yaxşılaşdırmaq, gənc müəllimləri bu məktəblərdə işləməyə necə həvəsləndirmək olar. Məhz bu ehtiyaclar fonunda hibrid təhsil modelinin tətbiqi gündəmə gəlib".

Yeni yanaşmaya əsasən, məktəbdə müəllimi olmayan fənlər distant formada tədris ediləcək. Şagirdlər həmin dərslərə rayon mərkəzində yerləşən, texniki cəhətdən tam təmin olunmuş mərkəz məktəblər vasitəsilə qoşulacaqlar. Bu dərsləri rayon üzrə yüksək sertifikasiya nəticələri olan, tədris səriştəsi güclü müəllimlər aparacaq.

Agentlik rəsmisi qeyd edib ki, bu model bir çox ölkələrdə artıq tətbiq olunur:

"Post-sovet məkanında Qazaxıstan, Rusiya, Gürcüstan və Ukraynada distant və hibrid təhsil modelləri mövcuddur. Bu, real və işlək bir mexanizmdir".

Onun sözlərinə görə, bu yanaşma müəyyən mənada mövcud komfort zonasından çıxmaq deməkdir və proses zamanı çətinliklər də ola bilər. Lakin əsas məqsəd lokal deyil, sistemli problemlərin həllidir.

Vəfa Yaqublu vurğulayıb ki, təhsil sahəsində planlaşdırılan dəyişikliklər məktəblərin ləğvini nəzərdə tutmur:

"Bəzi məktəblərdə siniflərdə şagird sayı 3-4 nəfərə qədər düşür. Bu isə həm tədris keyfiyyəti, həm də maliyyə baxımından çətinlik yaradır. Amma bu, məktəblərin bağlanması demək deyil. Müəllimi olan fənlər ənənəvi qaydada, müəllimi olmayan fənlər isə distant formatda keçiriləcək".

Qeyd edib ki, hazırda bu model Lənkəran-Astara regionunda bir neçə məktəbdə pilot qaydada sınaqdan keçirilir. Xüsusilə yuxarı siniflərdə biologiya, kimya, tarix kimi fənlər distant formada tədris olunub və nəticələr qənaətbəxş hesab edilir. Müxtəlif kənd məktəblərindən az sayda şagird virtual siniflərdə birləşdirilib.

Rəsmi məlumatlara görə, ölkə üzrə 100-dən çox məktəbdə şagird sayı azdır. Bu göstərici ölkədaxili miqrasiya proseslərindən asılı olaraq dəyişir. Məsələn, Qarabağa köçlə əlaqədar bəzi ərazilərdə məktəblər böyüyür, digər regionlarda isə şagird sayı azalır.

Qeyd olunur ki, tətbiq edilən model nəticəsində müəllimlər işsiz qalmayacaq. Azşagirdli məktəblərdə çalışan müəllimlər digər məktəblərə yönləndiriləcək, yerdəyişmələr aparılacaq. Məktəblərdə isə minimum heyət saxlanılacaq və şagirdlərin dərslərə cəlb olunması təşkil ediləcək:

"Ümumilikdə, yeni yanaşma təhsilin əlçatanlığını qorumağı, müəllim resurslarından səmərəli istifadəni və uzunmüddətli perspektivdə tədrisin keyfiyyətini artırmağı hədəfləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31