Azərbaycan diplomları beynəlxalq rəqəmsal sistemə keçir - ARAŞDIRMA

Xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsillə bağlı sənədlərin elektron formada əldə edilməsi imkanları genişləndirilib.

Azərbaycanda diplomların elektronlaşdırılmasının əhəmiyyəti nədən ibarətdir? Elektron diplomların hüquqi qüvvəsi necə təmin olunacaq? Elektron diplomlar ölkə daxilində digər dövlət qurumları ilə inteqrasiyası necə təmin ediləcək? Elektron diplomlara keçid saxta diplomlarla mübarizəyə təsir edəcəkmi? Diplomların elektronlaşdırılması ilə bağlı dünya praktikası necədir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova mövzu ilə bağlı açıqlamasında bildirib ki, diplomların verilməsinin tam rəqəmsal formaya keçirilməsi təhsil sistemində şəffaflığın, etibarlılığın və operativliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır:

Rəqəmsal diplom sisteminin tətbiqi saxta diplomların dövriyyəsinə ciddi zərbə vuracaq

"Rəqəmsal diplomlar insan faktorundan asılılığı minimuma endirir, məlumatların vahid dövlət reyestrində saxlanılmasını təmin edir və vətəndaş-dövlət-işəgötürən münasibətlərində vaxt və resurs itkilərini azaldır. Bu, eyni zamanda təhsilin idarə olunmasında keyfiyyət nəzarətini gücləndirən mühüm institusional alətdir.
Tam rəqəmsallaşmaya keçid baxımından ölkədə ali və orta ixtisas təhsili müəssisələrinin böyük əksəriyyəti artıq elektron informasiya sistemlərinə inteqrasiya olunub. Təhsil prosesinin idarə edilməsi, tələbə məlumatları, qiymətləndirmə və məzun reyestrləri mərhələli şəkildə rəqəmsal mühitə köçürülüb. Bununla belə, bəzi regionlarda texniki infrastrukturun gücləndirilməsi və kadrların rəqəmsal bacarıqlarının artırılması ehtiyacı qalmaqdadır. Bu, keçid dövrünün obyektiv çətinlikləri kimi qiymətləndirilməlidir və mərhələli şəkildə aradan qaldırılır.

Rəqəmsal diplom sisteminin tətbiqi saxta diplomların dövriyyəsinə ciddi zərbə vuracaq. Diplom məlumatlarının mərkəzləşdirilmiş dövlət bazasında saxlanılması istənilən diplomun real vaxt rejimində yoxlanılmasına imkan verəcək. Bu mexanizm saxta sənədlərin hazırlanmasını və istifadəsini praktiki olaraq mümkünsüz edir. Tam aradan qalxma riski nəzəri olaraq sıfıra enməsə də, institusional nəzarət baxımından problem kəskin şəkildə minimallaşdırılacaq və saxtakarlıq hallarının aşkar olunması xeyli sürətlənəcək".

Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında institusional əməkdaşlıq çərçivəsində rəqəmsal Apostil mexanizminin hazırlana bilər

Deputat elektron diplomların xaricdə tanınması məsələsinə də aydınlıq gətirib:

"Elektron diplomların xaricdə tanınması məsələsinə gəldikdə isə, Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında institusional əməkdaşlıq çərçivəsində rəqəmsal Apostil mexanizminin hazırlanması tam real və hüquqi baxımdan mümkündür. Bir sıra ölkələr artıq elektron Apostil (e-Apostille) sisteminə keçid ediblər və Azərbaycan da bu təcrübədən faydalana bilər. Bunun üçün beynəlxalq konvensiyalara uyğun texniki platformanın yaradılması, qarşılıqlı tanınma mexanizmlərinin razılaşdırılması və diplom məlumatlarının beynəlxalq verifikasiya sistemlərinə inteqrasiyası tələb olunur".

Deputatın sözlərinə görə, ümumilikdə, diplomların tam rəqəmsallaşdırılması təkcə texnoloji yenilik deyil, həm də təhsil sistemində etimadın möhkəmləndirilməsi, beynəlxalq tanınmanın genişləndirilməsi və insan kapitalının qorunması baxımından strateji islahatdır. Bu proses dövlətin rəqəmsal transformasiya siyasətinə tam uyğun olmaqla yanaşı, uzunmüddətli perspektivdə ölkənin təhsil və əmək bazarına müsbət təsir göstərəcək.

Diplomların fiziki, yəni kağız daşıyıcılar şəklində mövcudluğu da vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli də mövzu ilə bağlı bildirib ki, diplomların və ümumiyyətlə təhsillə bağlı bütün sənədlərin rəqəmsallaşdırılması bu sahədəki problemlərin aradan qaldırılmasına və saxta diplomların nəzarətdə saxlanmasına ciddi şəkildə kömək edir:

"Hesab edirəm ki, bu proses Azərbaycanda təhsil sahəsində aparılan islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Əgər söhbət rəqəmsal diplomlardan gedirsə, bu halda rəqəmsal Apostil mexanizmlərinin tətbiqi də mümkündür və bu, nəticə etibarilə ciddi problem yaratmır. Bildiyiniz kimi, Azərbaycanda xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması (nostrifikasiyası) üçün artıq yaxşı formalaşmış bir sistem mövcuddur. Xüsusilə, Azərbaycanla sıx hüquqi əməkdaşlıq edən ölkələrlə, məsələn, Türkiyə ilə bu sahədə ortaq sistemlər qurulub və diplomların tanınması prosesi həmin sistemlər üzərindən sürətli şəkildə həyata keçirilir. Hazırda dövlətlərarası bir çox sənəd mübadiləsi rəqəmsal mexanizmlərlə həyata keçirilir. Ona görə düşünürəm ki, tətbiq baxımından ciddi çətinliklər gözlənilmir".

Elçin Mirzəbəyli diplomların kağız daşıyıcılar şəklində mövcudluğunun vacibliyinə diqqət çəkib:

"Amma eyni zamanda, diplomların fiziki, yəni kağız daşıyıcılar şəklində mövcudluğu da vacibdir. Çünki rəqəmsal sistemlərin tam təhlükəsizliyini təmin etmək bəzən mümkün olmur. Buna görə də paralel şəkildə həm rəqəmsal, həm də fiziki formatların mövcudluğu vacibdir. Əgər təhlükəsizlik mexanizmləri tam təmin olunsa və alternativ sistemlər qurulsa, gələcəkdə tam rəqəmsallaşmaya keçmək mümkündür".

Paralel formada kağız daşıyıcının saxlanılması nəzərdə tutulmur

Elm və Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata görə, müasir dövrün tələbinə uyğun olaraq diplomların elektron şəkildə təqdim olunması məzunlara yekun dövlət sənədinin sürətli şəkildə təqdim olunması, əlavə iş yükünün azaldılması, kağız daşıyıcıda olan sənədlər üçün zəruri olan xərclərin azaldılmasıdır.

Təhsilin İnformasiyalaşdırılması İdarəsindən elektron diplomların digər qurumara təqdimi və itirilmə halları ilə bağlı məsələyə də aydınlıq gətirilib:

"Təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Elektron formada olan sənədin itirilmə hallarının qarşısını alır. Sənəd EHİS-də öz əksini tapacaq".

İdarədən bildirilib ki, bütün təhsil pillələri üzrə TMİS çərçivəsində müvafiq altsistemlər qurulub və müəssisələr bu altsistemlərə qoşulub. Elektron təhsil sənədlərinin verilməsi ilə bağlı bütün əməliyyatlar bu altsistemlərdə baş verəcək və nəticədə sənədlər vətəndaşlar üçün EHİS-də təqdim ediləcək".

Diplomların elektronlaşdırılması bütün universitetləri və orta ixtisas təhsili müəssisələrini əhatə edəcək

Qeyd edilib ki, diplomların elektron formada verilməsi bütün universitetləri və orta ixtisas təhsili müəssisələrini əhatə edəcək:

"Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri məzun olduqda elektron formada təhsil haqqında dövlət sənədi əldə edə bilərlər. Paralel formada kağız daşıyıcının saxlanılması nəzərdə tutulmur".

Rəqəmsallaşma ilə bağlı ortaya çıxan təhlükəsizlik məsələləri ilə bağlı suala cavab olaraq isə bildirilib ki, elektron sənədlərin yoxlanılması üçün alətlər təqdim olunacaq:

"Sənədlərin təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər həyata keçirilib, bütün təhlükəsizlik tədbirləri görülüb. Eyni zamanda təqdim olunan elektron sənədlərin yoxlanılması üçün alətlər təqdim olunacaq".

Bəs diplomların elektronlaşdırılmasında dünya təcrübəsi necədir?

Təhsil üzrə mütəxəssis Vaqif Fətullayev qeyd edib ki, dünya təcrübəsinə görə, Avropada "European Digital Credentials" (EDC) sistemi vasitəsilə diplom və sertifikatlar elektron möhürlə təsdiq olunaraq "Europass" üzərindən onlayn yoxlanır:

"ABŞ-də "National Student Clearinghouse" minlərlə universitetin diplom məlumatlarını birləşdirən milli baza kimi fəaliyyət göstərir və diplomlar xüsusi onlayn xidmətlərlə təsdiqlənir. Qazaxıstanda icdv.kz portalı ali təhsil diplomlarının elektron reyestrini təqdim edir və sənədlər seriya, nömrə ilə dərhal yoxlanılır. Həmçinin MIT (Massachusetts Institute of Technology), Nikosiya Universiteti (University of Nicosia), Holberton School, həmçinin McMaster University və Maryville University kimi bir sıra ali təhsil müəssisələri bəzi proqramlarda blokçeyn əsaslı rəqəmsal diplomlar tətbiq edərək sənədlərin dəyişdirilməzliyini, təhlükəsizliyini və asan yoxlanılmasını təmin edir".

"Hazırda kağız diplomu tam ləğv etdiyini rəsmi elan edən ölkələrin konkret siyahısına rast gəlməsəm də, tendensiya belədir ki, bir çox Avropa İttifaqı ölkəsində, xüsusilə Estoniya, Finlandiya və Niderlandda ali təhsil diplomlarının əsas forması rəqəmsal təsdiq sənədi hesab olunur, kağız nüsxə isə ya əlavə, ya da sadəcə simvolik sənəd kimi verilir. Estoniya öz e-dövlət modeli çərçivəsində diplom məlumatlarını mərkəzləşdirilmiş dövlət reyestrində saxlayır və elektron imzalı çıxarışı hüquqi cəhətdən əsas sənəd kimi tanıyır. Tam onlayn fəaliyyət göstərən bəzi universitet və proqramlarda isə diplom yalnız rəqəmsal formatda (blokçeyn və ya EDC tipli sistemlər vasitəsilə) təqdim olunur, fiziki diploma ehtiyac qalmır. Bu praktika göstərir ki, diplomun əsas "hüquqi daşıyıcısı" tədricən kağızdan rəqəmsal mühitə keçir, kağız diplom isə sadəcə atribut funksiyası daşıyır", - Vaqif Fətullayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31