Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? - Prosesin icrası ilə bağlı bütün detallar

"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə müzakirə olunan mövzulardan biri də Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq istifadəyə yararlı hala gətirilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda əks olunan həmin məsələ necə və hansı ardıcıllıqla icra ediləcək?

Prezident İlham Əliyevin ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzaladığı Sərəncamla "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi" istiqamətində birinci mərhələyə uyğun olaraq işlər davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı üzrə pilot layihə üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 2025-ci il sentyabrın 22-də Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müqavilə imzalanıb.

"Layihənin icrası üçün Sumqayıt şəhər ərazisi müəyyən edilib. 30 hektara yaxın ərazini və sahil zolağını əhatə edir. Duzsuzlaşdırma zavodunun gündəlik istehsal gücü 300 min kub metrdir. Bu da təxminən 100 milyon kub metr su istehsalı deməkdir. Bu da Abşeron yarımadasının indiki su tələbatının 20 faiz artırılmasına şərait yaradacaq. Duzlu su təmizlənərək, içməli suya çevriləcək".

Qurumdan əlavə edilib ki, 2026-2028-ci illər Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub.

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın ərazisində cəmi 30% su formalaşır. Qalan 70% transsərhəd suları hesabına yaranır. Bu da müəyyən problemlərə səbəb olur:

"Çünki hər bir dövlətin inkişaf etməsində, yeni dövrün tələblərinə uyğun əlavə su ehtiyatlarına ehtiyac var. Vaxtilə Taxtakörpü su anbarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı proseslər olmasaydı, Bakı bu günlərdə çox ciddi problemlərlə qarşılaşa bilərdi".

Komitə sədri qeyd edib ki, Xəzər dənizinin suyunun təmizlənməsi-duzsuzlaşdırılması işləri paralel aparılacaq.

"Dəniz suyunun duzsuzlaşdırılması dünyada tətbiq olunan təcrübədir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və İtaliyada bu texnologiyalar tətbiq edilib. Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bu məsələ Azərbaycanın gələcəkdə ekoloji problemlərlə qarşılaşmaması üçündür".

Hidroloq Rövşən Abbasov Trend-ə açıqlamasında bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması beynəlxalq praktikada uzun müddətdir ki, tətbiq olunur. ABŞ, Küveyt, Qətər, İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələrdə su ilə təmin olunmanın əsasını dəniz sularının duzsuzlaşdırılması təşkil edir.

"Xəzərin suyu digər dənizlərlə müqayisədə 3 dəfə az duzludur. Bu o deməkdir ki, Xəzərin suyunun duzsuzlaşdırılmasına 3 dəfə daha az xərc tələb olunacaq. Xəzər dənizinin suyu iqtisadi baxımdan daha effektiv şəkildə duzsuzlaşdırılacaq".

R.Abbasov qeyd edib ki, təxminən 50%-dək su təmizlənmədən Bakıdan Xəzərə axıdılır. Bu çirklənmənin qarşısının alınması üçün Bakıda əmələ gələn kalizasiya suları təmizlənərək Xəzərə və Abşeron yarımadasındakı digər göllərə axıdılmalıdır. Həmçinin yağış sularının kanalizasiya sularından ayrılması nəzərdə tutulur. Bu da kömək edəcək ki, suyun təmizlənmə xərcləri aşağı düşsün. Xəzər dənizinin suyunun duzsuzlaşdırılma prosesinin icra ediləcəyi zavodun tikintisə artıq başlanılıb. Həmin zavod Sumqayıt istiqamətində yerləşəcək",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31