60 il öncə yaranan virus yayılmağa başladı – Əhali təkrar yoluxur

Son vaxtlar ölkədə yayılan virus infeksiyaları fonunda COVID-19 yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, bir çox insan hazırkı əlamətləri koronavirusla müqayisə edir. Xüsusilə koronavirusu ağır keçirən şəxslərdə tərar yoluxma qorxusu, panika və narahatlıq hissi artıb.

Eyni virusa və ya ona bənzər infeksiyalara yoluxmamaq üçün hansı tədbirlər görülməlidir? Son günlər yayılan virus COVİD-dir?

Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, RNT daşıyıcı viruslar mutasiyaya uğradığı üçün onlara təkrar yoluxma ehtimalı hər zaman qalır.

O bildirib ki, bunun əsas səbəbi bu viruslara qarşı konkret və davamlı immunitetin formalaşmamasıdır:

"Xəstəliyi keçirən şəxslərdə müəyyən dözümlülük yaransa da, sonradan ortaya çıxan yeni mutasiya variantları təkrar yoluxmaya səbəb ola bilər. COVID-19 da məhz bu qəbildən olan viruslardandır. Pandemiya rəsmi olaraq bitsə və infeksiya zənciri qırılsa da, epidemik ocaqlar hələ də mövcuddur. Xüsusilə Omikron ştamının müxtəlif mutasiya variantları dövri olaraq yayılmaqda davam edir. Hazırda həm ölkəmizdə, həm də dünya üzrə COVID-19-a yoluxma və ölüm halları müşahidə olunur".

Mütəxəssis deyib ki, infeksiya hələ tam aradan qalxmayıb:

"Koronaviruslar 1960-cı illərdə kəşf edilib və heyvan mənbəlidir. Görünür, həmin zamandan etibarən bu virus insanlarda soyuqdəymə tipli xəstəliklər törədib. Sonrakı mərhələlərdə isə SARS, MERS və SARS-CoV-2 kimi artıq pandemiya yaradan formalar meydana çıxıb. Gələcəkdə bu virusun hansı formada təzahür edəcəyi bilinmir. Bundan əlavə, qrip virusu da hər il yeni mutasiya variantı ilə ortaya çıxır və gələcəkdə qrip pandemiyasının baş verməsi ehtimalı istisna edilmir. Çünki mutasiya edən viruslar hər il yeni xüsusiyyətlər qazanır. Hesab edirəm ki, insanlar həm karantin, həm də ümumi gigiyena qaydalarına son dərəcə ciddi yanaşmalıdırlar".

Mütəxəssis əlavə edib ki, vaksinasiyanın əsas məqsədi virusa yoluxmamaq və başqalarına da keçirməməkdir:

"Bu düşüncə tərzi formalaşarsa, insanlar zəruri qaydalara daha məsuliyyətlə əməl edər, xəstə olduqları halda işə getməz, qapalı məkanlarda maska taxar və digər qoruyucu tədbirləri yerinə yetirərlər. Bunlar olduqca vacibdir. Hazırkı mərhələdə qrip, koronavirus, metapnevmovirus və respirator-sinsitial virus geniş yayılıb. Bu infeksiyaların hamısı oxşar klinik mənzərə yaratdığı üçün onların dəqiq diferensiasiyası bəzən çətin olur. Müşahidələr göstərir ki, insanlar maksimum dərəcədə ehtiyatlı və diqqətli olmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31