Kirayə mənzil bazarında vergi ilə bağlı yoxlamalara başlanıldı – AÇIQLAMA

Ötən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslərin mənzillərini kirayə verməsinə görə əldə etdikləri gəlirdən vergi cəlb olunan hissə 14 faizdən 10 faizə endirilib. Doğrudan da bu, mütərəqqi bir addım idi. Amma deyə bilərik ki, mənzillərini kirayə verənlərin 80 faizdən çoxu vergi ödəmirlər.
Olaylar.az  xəbər  verir ki  bunu  İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, artıq cari ilin əvvəllərində inzibati qaydada müvafiq sahə müvəkkilləri və vergi yığımına məsul şəxslərin həmin mənzillərdə yoxlama aparması müşahidə edilir:

"Bu da onu göstərir ki, öz mənzillərini müqaviləsiz, qeyri-rəsmi kirayə verən vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atılacaq və bu da bir müddət sonra fiziki şəxslərin öz müştəriləri ilə müqavilə bağlamasına gətirib çıxaracaq. Əgər belə olacaqsa, fiziki şəxs əldə etdiyi vəsaitin məbləğinin 10 faizini ödəməyə məcbur olacaq. Belə olduğu təqdirdə, təbii ki, bu, kirayə qiymətlərinin artmasına səbəb olacaq və biz bunu əvvəldən hiss edirik".

Digər tərəfdən kirayə bazarında müəyyən qıtlığın olduğunu söyləyən mütəxəssis əvvəlki illərdə belə halların müşahidə edilmədiyini xatırladıb:

"Əvvəllər əsasən yeni tədris ili başlayana qədər, yəni avqust-sentyabr aylarında bu qıtlığı müşahidə edirdik. İndi isə artıq hansı dövrdə olduğuna baxmayaraq, bazara çox böyük müraciət var. Müraciətlərin artmasının səbəbi təkcə tələbələr və yaxud da regionlardan Bakıya iş dalınca gələn şəxslər və vətəndaşlar deyil, eyni zamanda yaşadıqları köhnə binalar sökülən, müvəqqəti yaşayış üçün kirayə yerlər axtaran vətəndaşlardır. Eyni zamanda ölkə iqtisadiyyatının böyüməsi nəticəsində xaricdən gələn həm turistlərin, həm iş adamlarının, investorların kirayə bazarına müraciəti də olur".

V.Oruc hesab edir ki, buna görə də 2026-cı ildə kirayə qiymətləri ilkin olaraq 10 faizə qədər, yerləşməsindən asılı olaraq 5, 7, 8 faizə qədər bahalaşa bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31