Qızdırmalı uşaqlarla bağlı XƏBƏRDARLIQ – Valideynlər OXUSUN!
16:28 SosialUşaqlarda qızdırma çox vaxt virus mənşəli olduğu üçün antibiotiklər bu halda təsirli ola bilməz. Bu barədə Türkiyə Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Coşkun Saf deyib.
"Qış aylarında qapalı məkanlarda keçirilən vaxtın artması uşaqlarda infeksiya riskini də artırır. Qızdırması qalxan uşağına görə narahat olan ailələrin yol verdiyi ən böyük səhv dərhal antibiotikə əl atmaqdır. Bakterial mənşə sübuta yetirilmədən istifadə olunan hər bir antibiotik uşağınızın gələcək sağlamlığından pay aparır", - həkim xəbərdarlıq edib (Sherg.az).
Coşkun Saf bu xüsusda, həmçinin, uşaqlıq dövründə tez-tez rast gəlinən qızdırmanın yalnız uşağın bədən temperaturunu deyil, eyni zamanda, valideynlərin narahatlığını da artırdığını vurğulayıb: "Uşaqlıq çağında tez-tez müşahidə edilən qızdırma təkcə uşağın bədənini deyil, valideynlərin rahatlığını da pozur".
Bəs həkimlərimiz nə tövsiyə edir? Qızdırmalı uşağa dərman vermək olarmı?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb.
Professor qeyd edib ki, antibiotiklərdən sui-istifadə halları bütün keçmiş SSRİ ölkələrinə xas olan ciddi bir problemdir:
"Sovet dövründə insanlar antibiotiklərdən, xüsusilə respirator virus xəstəlikləri zamanı, həkim məsləhəti olmadan, sağa-sola istifadə edirdilər və bu, zamanla bir növ "ənənə" halını almışdı. Təəssüf ki, bu yanlış yanaşma bu gün də davam etməkdədir və cəmiyyətin müəyyən hissəsində antibiotiklər hələ də hər bir xəstəliyin "çarəsi" kimi qəbul olunur".
Adil Qeybulla xüsusi ilə vurğulayıb ki, antibiotiklərin viruslara qarşı heç bir təsiri yoxdur:
"Bir məqam mütləq nəzərə alınmalıdır: antibiotiklərin viruslara qarşı heç bir təsiri yoxdur antibiotiklərin viruslara qarşı heç bir təsiri yoxdur. Yəni qrip, soyuqdəymə, kəskin respirator virus infeksiyaları kimi xəstəliklər zamanı antibiotik qəbul etmək nəinki faydasızdır, əksinə, orqanizm üçün əlavə risklər yaradır. Antibiotiklərin yan təsirləri çoxdur və bu təsirlər bəzən xəstəliyin özündən də ağır nəticələrə gətirib çıxara bilər. Bu preparatlar orqanizmdə normal mikrofloranı pozur, bağırsaq sistemində tarazlığı dağıdır, immun sistemini zəiflədir və müxtəlif fəsadlara yol aça bilir.
Məsələn, aminoglikozid qrupuna aid olan gentamisin, kanamisin kimi antibiotiklər düzgün göstəriş olmadan və nəzarətsiz istifadə edildikdə eşitmə sinirinin zədələnməsinə, yəni karlığa, eləcə də böyrək funksiyasının pozulmasına və böyrək çatışmazlığına səbəb ola bilər. Ümumiyyətlə, hər bir antibiotikin mütləq şəkildə özünəməxsus yan təsirləri mövcuddur. Məhz buna görə də antibiotiklər yalnız real zərurət olduqda, bakterial infeksiya dəqiq təsdiqləndikdə və həkim təyinatı ilə istifadə edilməlidir. Bu məsələ olduqca ciddi yanaşma tələb edir və hər kəs bunu dərindən dərk etməlidir.
İkinci mühüm məqam ondan ibarətdir ki, virus infeksiyaları zamanı əsas məqsəd antibiotik qəbul etmək deyil, immun sistemini gücləndirmək olmalıdır. Orqanizmin öz müdafiə mexanizmləri viruslara qarşı ən təsirli silahdır".
Adil Qeybulla soyuqdəymənin və virus xəstəliklərinin qarşısının alınması ilə bağlı öz tövsiyələrini də qeyd edib:
"Bunun üçün mövsümə uyğun, normal və düzgün geyinmək, geyim formasını hava şəraitinə uyğun seçmək, fiziki aktivliyi artırmaq, vitaminlə zəngin qidalar qəbul etmək, bol maye içmək və xəstəlik zamanı mütləq yataq rejiminə riayət etmək vacibdir. Bütün bunlar virus infeksiyaları ilə mübarizədə əsas və əvəzolunmaz şərtlərdir".