Fuad Məmmədov: QHT-lərin potensialı artırılmalı, onların təşəbbüskarlığı və intellektual səviyyəsi dəstəklənməlidir
16:15 SosialAzərbaycan dili Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir. Azərbaycan dili xalqımızın milli kimliyinin, milli-mədəni varlığının təməlində dayanır. Biz dilimizi nə qədər təkmilləşdirsək və inkişaf etdirsək, onun kamilliyi və gözəlliyi bir o qədər dərindən dərk ediləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov söyləyib.
O, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasından sonra Azərbaycanda yeni bir dövrün başladığını bildirib: "Bu dövr Azərbaycan xalqının ruhi, mənəvi və mədəni inkişafı dövrüdür. Bu inkişafın təmin olunması üçün hər bir azərbaycanlı dövlətlə birgə çalışmalı, milli mədəniyyətimizin daha da yüksəlməsinə töhfə verməlidir. Bu yanaşmanın əsasında Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. O daim vurğulayırdı ki, Azərbaycan mədəniyyəti xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Çünki ruhi, əqli və mənəvi mədəniyyəti inkişaf etməmiş xalqın gələcəyi ola bilməz. Ulu Öndər qeyd edirdi ki, xalq dünyada öz ziyalıları, elmi və mədəniyyəti ilə tanınır. Mədəniyyətin təməli isə elmdən başlayır".
F.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə mərhələli şəkildə yeni sosial-mədəni inkişaf strategiyası həyata keçirilir. Bu strategiyanın əsas prioritetləri mövcuddur. Onların başında dil dayanır. Bununla yanaşı, intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti də mühüm yer tutur. Məhz bu amillər dövlətimizin qüdrətinin daha da artmasına, xalqımızın həyat keyfiyyətinin yüksəlməsinə xidmət edəcək. Digər mühüm məsələ isə əqli və mənəvi mədəniyyətin hərtərəfli inkişafıdır. Bunun üçün icbari kulturoloji təhsilin və maarifləndirmənin gücləndirilməsi vacibdir. Qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin potensialı artırılmalı, onların təşəbbüskarlığı və intellektual səviyyəsi dəstəklənməlidir.
"İnsan kapitalının nüvəsi yüksək mədəniyyətə malik Azərbaycan vətəndaşıdır - bilikli, bacarıqlı, mənəvi dəyərlərə sahib, yaradıcı və məsuliyyətli insan. Bu, milli inkişafımızın əsas aparıcı qüvvəsidir və davamlı, rəqabətqabiliyyətli, təhlükəsiz inkişafın təminatıdır. Biz Ulu Öndərin tövsiyələrinə əsaslanan bu yeni strategiyanın həyata keçirilməsi üçün bütün səylərimizi, ilk növbədə, Azərbaycan dilinin inkişafına yönəltməliyik. Bunun üçün vətəndaş cəmiyyəti də dövlətimizə dəstək verməlidir",-deyə Fuad Məmmədov əlavə edib.