Instagramda 17,5 milyon istifadəçinin məlumatları ələ keçirildi

Məlumata görə, kiber­təhlükəsizlik şirkəti Malwarebytes qaranlıq şəbəkədə (darknet) Instagram istifadəçilərinə aid genişmiqyaslı məlumat bazası aşkarlayıb. Bazada ad və soyadlar, istifadəçi adları (loginlər), elektron poçt ünvanları, telefon nömrələri və hesab ID-ləri yer alır.

Musavat.com xəbər verir ki, şirkətin bildirdiyinə görə, parollar sızdırılmayıb və bu mərhələdə birbaşa hesab ələ keçirilməsi faktları təsdiqlənməyib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əldə olunan məlumatlar fişinq (aldadıcı məktub və SMS-lər) və sosial mühəndislik hücumları üçün istifadə oluna bilər.

Ekspertlər istifadəçilərə aşağıdakı addımları tövsiyə edir:

Hesabda iki mərhələli autentifikasiyanı (2FA) aktivləşdirmək

Şifrəni dəyişmək və güclü, unikal paroldan istifadə etmək

Guya Instagram və ya Meta adından gələn şübhəli e-poçt və SMS-ləri nəzərə almamaq

Şübhəli keçidlərə daxil olmamaq və şəxsi məlumatları paylaşmamaq

Mütəxəssislər vurğulayır ki, son dövrlər sosial şəbəkələrə qarşı kütləvi məlumat sızmaları fonunda istifadəçi ayıqlığı əsas təhlükəsizlik amilinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31