Deputatla keçmiş partiya sədri arasında QALMAQAL – “Yalançının…”

Millət vəkili Elşad Musayevlə REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov arasında sosial şəbəkədə başlayan qarşıdurma qısa müddətdə siyasi qalmaqala, qarşılıqlı ittihamlara çevrilib.

Musavat.com-un məlumatına görə, qalmaqal "Facebook" üzərindən alovlanıb və tərəflərin açıqlamaları ictimai müzakirələrə səbəb olub.

Belə ki, bir neçə gün öncə REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov şəxsi "Facebook" hesabında paylaşdığı statusda millət vəkili Elşad Musayevi hədəfə alaraq onu sərt və istehzalı şəkildə tənqid edib:

"Yaxşı, bu 'əsl müxalifəti' bildik. Maduronun adını eşidəndə onların ağlını daimi əsaslarla əvəz edən xəyallarında Amerikanın Bakıda oxşar əməliyyat keçirməsi səhnəsi canlanır. Onları bildik. Bəs millət vəkili Elşad Musayev, sizə nə gəlib ki, 'sabah ABŞ Azərbaycanda da belə bir əməliyyat keçirsə...' söhbətini edirsiniz?

Bilirəm, son prezident seçkisində sizi prezidentin rəqibi roluna təyin etmişdilər. Amma artıq iki il keçib. Həyəcanı buraxın. Roldan çıxın."

İlqar Məmmədov bununla da kifayətlənməyərək qeyd edib:

"Maraqlandığım məsələ odur ki, bu anti-Amerika tezisinin hakimiyyət daxilində məhz haradan gəldiyi bilinməlidir. Özündən söz demək sərbəstliyi bu adama verilməyib."

Bu açıqlamalar cavabsız qalmayıb. Millət vəkili Elşad Musayev sosial şəbəkə üzərindən verdiyi reaksiya ilə polemikanı daha da kəskinləşdirib və qarşı tərəfi ağır ifadələrlə ittiham edib:

"Adını belə çəkmək istəmədiyim bir nəfər heç bir dəxli olmayan yerdə adımı hallandırır.
Sındırılmış, ləyaqəti tapdanmış adamlarla söz güləşdirməyi doğru hesab etmirəm.
Mənə guya anti-Amerika tezisinin hakimiyyət daxilində məhz haradan gəlməsi və guya söz demək sərbəstliyimin olmaması ilə bağlı fikrə isə bircə kəlmə deyirəm: 'Yalançının... buynuzu qırılsın!'"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31