Üç televiziya və bir radionun yayımı dayandırılacaq

Audiovizual Şura "Dünya TV", "MTV", "Space TV" və "Space FM"in yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Şuradan Olaylar.az-a verilən məlumata görə, 2026-cı il yanvarın 9-da ilk iclas keçirilib və 2 yeni lisenziya verilmiş, 1 lisenziya ləğv olunmuş, 3 televiziya və 1 radio kanalının yayımının 3 saatlıq müvəqqəti dayandırılması haqqında qərarlar qəbul olunub.

Məlumata görə, iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Bildirilib ki, 14 noyabr 2025-ci il tarixdə "Dünya TV" kanalında yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

Həmçinin 27 noyabr 2025-ci il tarixdə "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək "MTV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

3 dekabr 2025-ci il tarixdə isə "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək "Space FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı da müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən, yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.

Bunlarla yanaşı, "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə də baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Bundan sonra, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıq olunub. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31