Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi qorumaqdır- ÖZƏL

"Cənab Prezidentin yerli mətbuata müsahibəsində paytaxt Bakının nəqliyyat sistemi və ekoloji mühiti ilə bağlı açıqlamaları müasir çağırışlara tam cavab verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Şəhərin tarixi simasını qorumaqla yanaşı, mikromobilliyin inkişafı, velosiped zolaqlarının salınması və ictimai nəqliyyatın keyfiyyətinin artırılması paytaxt sakinlərinin rahatlığı üçün atılan inqilabi addımlardır. 10 yeni metro stansiyasının yeri artıq müəyyən olunub və bu, şəhərin yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Ekoloji təmiz elektrobusların gətirilməsi "Yaşıl artım" strategiyamızın tərkib hissəsidir. Yeni yaradılan parklar və ictimai zonalar Bakını daha yaşanılan və piyada dostu bir şəhərə çevirir.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan artıq 16 ölkəyə boru kəməri qazı ixrac edən nəhəng bir enerji mərkəzinə çevrilib. Bizim enerji siyasətimiz praqmatizmə və reallığa əsaslanır. COP29-a ev sahibliyi edən bir ölkə olaraq, biz həm ənənəvi enerji mənbələrimizdən səmərəli istifadə edirik, həm də bərpaolunan enerjiyə böyük sərmayələr yatırırıq.
Müsahibənin ən mühüm mesajlarından biri milli kimliyimizin özəyi olan Azərbaycan dilinin qorunması idi. Dilimiz dövlətçiliyimizin birinci atributudur. Cənab Prezidentin xarici sözlərin dilimizə lüzumsuz daxil olması ilə bağlı narahatlığı və xaricdə yaşayan 50 milyon soydaşımızın ana dilində təhsil alması üçün onlayn məktəblərin yaradılması təşəbbüsü hər birimiz üçün bir fəaliyyət proqramıdır. Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi qorumaqdır.
İnkişafın neft-qazdan deyil, zəka və təhsildən asılı olması müasir Azərbaycanın əsas fəlsəfəsidir. Elm və Təhsil Nazirliyinin yenidən qurulması, ali təhsil müəssisələrinin müasir modelə keçidi və istedadlı gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi uzunmüddətli inkişafın təminatıdır. Biz gələcəyimizi kadr islahatları və intellektual potensial üzərində qururuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31