Bu il daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?

Azərbaycanda son dövrlərdə, xüsusən paytaxt Bakı və iri şəhərlərdə daşınmaz əmlak qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu yüksəliş şəhər infrastrukturunun inkişafı, yüksək tələbin olması və xarici sərmayələrin artması ilə əlaqədardır. Qiymət artımı xüsusilə mənzil və torpaq sahələrində müşahidə olunur və bu, yerli sakinlər üçün mənzil almağı çətinləşdirir. Eyni zamanda əmlak bazarına olan maraq həm yerli, həm də xarici investorları cəlb edir. Lakin qiymət artımının sosial təsirlərini azaltmaq üçün əlavə tədbirlərin görülməsi vacibdir.

Bu il daşınmaz əmlak bazarında qiymət artımı aktuallığını qoruyacaqmı?

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 2026-cı ildə də daşınmaz əmlak qiymətlərində artımı müşahidə edəcəyik. Bunun əsas səbəbi ondan ibarətdir ki, tikintiyə çəkilən xərclər durmadan artır:

"Həm manatın alıcılıq qabiliyyətindəki fərqlər, həm də işçi qüvvəsinin əməkhaqqı artımı və yanacaq qiymətlərinin yüksəlməsi tikinti xərclərinin artmasına səbəb olacaq. Bu isə daşınmaz əmlakın hazırda qızıla bərabər olan yeganə investisiya vasitəsi kimi daha da cazibədar hala gəlməsinə gətirib çıxarır. Həm biznesmenlər, həm də adi vətəndaşlar daşınmaz əmlakı ən əlverişli yatırım sahəsi kimi qəbul edirlər. Daşınmaz əmlak illik olaraq dəyərini artırır və eyni zamanda gəlir gətirən potensiala malikdir".

V. Oruc torpaq sahələrinin, bağ evlərinin və qeyri-yaşayış obyektlərinin qiymətlərinin dəyişməsi məsələsinə də toxunub:

"Torpaq sahələri daim azalır. Üzərində tikinti aparılması və əhali sayının artması torpaq sahələrinin daha da azalmasına səbəb olur. Bu isə torpağa olan tələbatın artması ilə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.

Xəzər dənizinə yaxın ərazilərdəki evlərin qiymətində artım müşahidə ediləcək. İcarə bazarında müəyyən bir durğunluq yaranarsa və müştərilərin sayında azalma baş verərsə, qeyri-yaşayış obyektlərinin satış qiymətləri bu il stabilləşməyə meyilli olacaq".

O, qeyd edib ki, Bakı şəhərinin Baş Planı 2040-a əsasən, şəhərin tarixi mənzərəsini saxlamaq şərtilə müasirləşmə istiqamətində layihələrin həyata keçirilməsi məqsədilə bir çox köhnə binaların sökülməsi, yeni parkların salınması, ümumilikdə tikinti işlərinin aparılmasına səbəb olacaq:

"Tikintinin maya dəyərinin artması nəzərə alındıqda, mənzil bazarında qiymət artımının baş verəcəyi aydın görünür. Köhnə mənzil bazarında isə qiymətlər daha az və fasiləli dinamika ilə arta bilər. Ümumilikdə, daşınmaz əmlak bazarındakı qiymət artımını faiz olaraq proqnozlaşdırmaq çətindir, çünki bu, bir sıra faktorlardan, o cümlədən makro-iqtisadi göstəricilərin təzahüründən, dünya bazarında neftin qiymətindən, ölkə iqtisadiyyatının inkişaf səviyyəsindən, qarşıdakı maliyyə problemlərindən və onların həlli yollarından, bankların kredit vermə imkanlarından və vətəndaşların iqtisadi fəallığından asılıdır. Bu faktorların hamısı daşınmaz əmlakın qiymətinə təsir göstərə bilər".

Onun sözlərinə görə, 2025-ci ilin sonunda daşınmaz əmlak bazarında aktivlik müşahidə olunub.

"Vətəndaşlar 2025-ci ildə əldə etdikləri kapital yığımını əsasən ilin sonunda daşınmaz əmlaka yönəldiblər. 2026-cı ildə maliyyə alətləri yenilənmədikdə, yəni fond birjaları aktivləşmədikdə və ya səhm bazarı formalaşmadıqda, insanlar üçün alternativ investisiya istiqamətləri təklif olunmadıqda, daşınmaz əmlak qiymətində azalmanın ehtimalı sıfıra yaxın olacaq",- deyə o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31