Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Ana səhifə Gündəm   

2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa Birliyi, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.

Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apelyasiya müraciəti hazırlanıb.

Hələlik apelyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.

Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31