QHT Agentliyinin Müşahidə Şurasının sədri seçildi- İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi
6 Yanvar 21:06 SosialBu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. Qurumun yaydığı məlumata görə, iclasda ümumi razılıq əsasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev sədrlik edib.
Rizvan Nəbiyev bildirib ki, Müşahidə Şurasında təmsil olunan qurumlar - Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi artıq öz nümayəndələrini təqdim ediblər.
Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:
Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;
Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;
Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;
Rizvan Nəbiyev - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin İdarə Heyətinin üzvü;
Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;
Fizzə Mirzəyeva - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü.
Rizvan Nəbiyev Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, Müşahidə Şurasının 4 üzvünün vətəndaş cəmiyyəti institutlarını, 3 üzvünün isə dövlət orqanlarını təmsil etdiyini bildirib. Onun sözlərinə görə, Şura sədri vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasından 4 il müddətinə seçilir və Şura ictimai əsaslarla fəaliyyət göstərir.
İclasda "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədov Müşahidə Şurasının sədri seçilib.
Fuad Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirərək, QHT-lərə göstərilən diqqət və bu sahədə aparılan islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın Şura üzvü seçilməsini şəhid ailələrinə göstərilən həssas münasibətin göstəricisi kimi dəyərləndirib.
Məlum olub ki, Agentlikdə "İcraçı direktor" vəzifəsi ləğv edilib və əvəzində sədr və iki müavindən ibarət İdarə Heyəti yaradılıb. Müşahidə Şurasının qərarı ilə Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlı isə sədr müavinləri təyin olunublar.
Aygün Əliyeva göstərilən etimada görə təşəkkür edərək, qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə icra olunacağını bildirib.
İclasda, həmçinin, Agentliyin iki dövlət komissiyasında təmsil olunacaq üzvləri müəyyənləşdirilib. Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil edəcək.
Bundan başqa, Müşahidə Şurası İdarə Heyətinə bir sıra tapşırıqlar verib, Agentliyin 2026-cı il üzrə Fəaliyyət Planının prioritetləri müzakirə olunub və QHT Agentliyinin Naxçıvan Muxtar Respublikasında filialının yaradılması təklif edilib. Olaylar.az