Azərbaycanda xəstəlik sürətlə yayılır: epidemiya elan olunacaq? – RƏSMİ
5 Yanvar 14:56 SosialÖlkədə son günlər, xüsusilə də azyaşlılar arasında sürətlə yayılan və mənşəyi tam açıqlanmayan virus cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xəstələnənlərin sayının artması fonunda məktəblərin bağlanması və distant təhsilə keçidlə bağlı çağırışlar da səslənir.
Azərbaycanda epidemiya elan edilə bilərmi? Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayılan xəstəliyin mənşəyi haqda nə deyirlər?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bunun epidemiya olub-olmamasına aydınlıq gətirmək üçün səhiyyə qurumlarının rəsmi açıqlamaları vacibdir:
"Yalnız bundan sonra müvafiq qərar qəbul edilə bilər. Doğrudur, xəstəlik yayılır, lakin hazırda rəsmi bəyanat olmadığı üçün distant təhsil və ya digər tədbirlərlə bağlı qərarların verilməsi qurumlar üçün də çətindir".
Deputat bildirib ki, epidemiya ilə bağlı rəsmi elan olacağı təqdirdə, Elm və Təhsil Nazirliyi də uyğun addımlar ata bilər:
"Hazırda xəstəlik müəyyən risklər yaratsa da, vəziyyətlə bağlı yalnız aidiyyəti qurumların rəsmi açıqlamalarına əsaslanmaq və onları gözləmək məqsədəuyğundur".
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkədə xüsusi bir infeksiyanın yayılması ilə bağlı rəsmi məlumat yoxdur:
"Müşahidə olunan hallar əsasən mövsümi infeksion xəstəliklər, xüsusilə qrip infeksiyaları ilə əlaqəlidir. Səlahiyyət hədlərini aşmamaq məqsədilə qeyd etmək lazımdır ki, ölkə ərazisində yayılan infeksiyalarla bağlı rəsmi qiymətləndirməni Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi və epidemioloji mərkəzlər aparır. Adətən bu cür məsələlərlə bağlı açıqlamaları da məhz həmin qurumlar verir. Hansı növ virusun yayıldığını rəsmi şəkildə təsdiq etmək səlahiyyəti də onlara məxsusdur".
Səhiyyə Nazirliyindən bildirilib ki, bu barədə rəsmi məlumat veriləcək.