Bu, nə hörmətdir, nə də etik mövqe - ÖZƏL

"Uğur arzulayıram" cümləsi münasibət saxlama alətidir
"Son dövrlər sosial şəbəkələrdə qəribə bir davranış normaya çevrilib: vəzifəcə, təcrübəcə və statusca özündən daha yüksək mövqedə olan şəxslərin paylaşdıqları hər statusun altına durmadan, mexaniki şəkildə yalnız bir cümlə yazılır - "Uğurlar arzulayıram", "Uğurlar", "Bol uğurlar".  Bu, nə hörmətdir, nə də etik mövqe. Bu, fikirdən qaçışdır". Bunu "Olaylar"a  Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Əgər bir mətndə ideya varsa, arqument varsa, iddia varsa ona münasibət bildirmək lazımdır. Razılaşmaq da olar, tənqid də etmək. Amma heç nə demədən, yalnız "uğur" diləmək intellektual mövqe deyil, təhlükəsiz susqunluq formasıdır. Bu davranış bir növ "mən buradayam, amma mövqe tutmuram" mesajıdır.
Əslində isə bu cür reaksiyalar ciddi problemləri üzə çıxarır, o cümlədən: Vəzifəcə böyük olanın statusuna arqumentlə cavab vermək risk tələb edir. "Uğurlar" yazanlar bu riskdən qaçır, amma eyni zamanda görünmək istəyir. "Uğur arzulayıram" cümləsi çox vaxt dəstək yox, münasibət saxlama alətidir.  Bu davranış yayğınlaşdıqca fikir mübadiləsi yox olur, müzakirə ölür, sosial şəbəkə isə təkcə təbrik lövhəsinə çevrilir. Halbuki inkişaf təriflə yox, müzakirə ilə, arqumentlə, sual verməklə baş verir. Uğur arzulamaq asandır. Çətin olan düşünməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31