Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib
17:45 SosialAzərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir" şüarı altında bayram tədbiri keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və ictimai təşkilatların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri və soydaşlarımız iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev təbrik sözü ilə çıxış edərək iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Səfir öz çıxışında humanitar və mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirərək, Azərbaycançılıq ideyasının Ümummilli Lider, Ulu Öndər tərəfindən əsası qoyulduğunu, bu siyasətin cənab prezidentimiz tərəfindən uğurla davam etdiyini diqqətə çatdırıb. O bildirib ki, Özbəkistanda yaşayan Azərbaycan diasporası da həmrəyliyimizin bir hissəsidir.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birliyimizin və həmrəyliyimizin bariz ifadəsi olduğunu qeyd edib. O, hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edərək, bunun humanitar və mədəni əlaqələrin genişlənməsi üçün də möhkəm zəmin yaratdığını vurğulayıb.
Konsert proqramının musiqi hissəsində Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Onların ifasında Vətənə, milli kimliyə, dostluq və həmrəyliyə həsr olunmuş mahnılar səsləndirilib.
Teatr sənəti Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Xarı Bülbül" teatr truppası tərəfindən təmsil olunub. Truppa Azərbaycan klassik dramaturgiyası və musiqili teatrına aid səhnəciklər, eləcə də xalq mahnılarını tamaşaçılara təqdim edib.
Xoreoqrafik hissədə isə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qarabağ Zəfəri" rəqs ansamblının çıxışları nümayiş etdirilib. Milli rəqslər xalqımızın tarixi yaddaşını, milli qürurunu və birlik ruhunu əks etdirib.
Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasim zamanı Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən yaradıcı kollektivlər və ictimai fəallar təltif olunublar. Mükafatlandırılanlar teatr sənəti, milli rəqs, təsviri incəsənət, eləcə də televiziya və media sahələrini əhatə edib.
Bayram tədbiri Yeni İl münasibətilə səsləndirilən xoş arzularla başa çatıb, Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.