Elmi Ad və Mandat Uyğunsuzluğu Kontekstində Akademik Etikanın Sınması
13:35 SosialMüasir cəmiyyətlərdə elmin əsas missiyası yalnız yeni biliklərin istehsalı ilə məhdudlaşmır; o, eyni zamanda ictimai rasionallığın formalaşdırılması, qərarvermə proseslərinin elmi əsaslarla dəstəklənməsi və intellektual məsuliyyət mədəniyyətinin təşviqi funksiyasını da daşıyır. Bu baxımdan alim obrazı təkcə akademik nailiyyətlərlə deyil, həm də ictimai davranış, etik mövqe və elmi kommunikasiyada iştirak səviyyəsi ilə müəyyən olunur.
Son illərdə akademik mühitdə müşahidə olunan tendensiyalardan biri elmi adlar və rütbələrlə real elmi və ictimai fəaliyyət arasında uyğunsuzluğun artmasıdır. Xüsusilə sosial şəbəkələrin elmi kommunikasiya məkanına çevrilməsi fonunda, bəzi yüksək elmi statusa malik şəxslərin intellektual iştirakdan daha çox simvolik reaksiya formalarına (məsələn, məzmunu oxumadan yaltaqlıq etdikləri şəxslərin statusuna verdikləri "like"lar) üstünlük verməsi elmi davranışın keyfiyyəti ilə bağlı ciddi suallar doğurur. Bu cür davranışlar elmi mövqenin ifadəsi deyil, daha çox Elmi elmi adın mandatına qarşı yyğunsuzluq təzahürü kimi çıxış edir.
Elmi fəaliyyətin imitasiya olunması problemi yeni deyil; lakin rəqəmsal platformalar bu prosesi daha görünən və ölçülə bilən etmişdir.
Halbuki, elmin əsas missiyası bilik istehsalı, cəmiyyətin intellektual inkişafına töhfə vermək və qərarvermə proseslərini rasional əsaslarla dəstəkləməkdir. Elmi fəaliyyət, formal status və ya titul yığımı deyil; o, davamlı intellektual məsuliyyət, ictimai hesabatlılıq və etik mövqe tələb edir.
Lakin müasir akademik mühitdə paradoksal bir mənzərə formalaşıb:
ən yüksək elmi adlara və rütbələrə malik olan, lakin hazırda ciddi elmi və ya institusional məsuliyyət daşımayan bəzi şəxslər, sosial şəbəkələrdə vəzifəli şəxslərin paylaşdıqları statusları oxumadan, düşünmədən, sadəcə "like" verməklə özlərini elmi ictimaiyyətin aktiv üzvü kimi təqdim edirlər. Bu davranış intellektual passivliyin rəqəmsal formasıdır. Axı, Like - mövqe deyil, Like - məsuliyyət daşımır.Sabah Sizin yubileyiniz və ya rəsmi təqdimatınız olanda verdiyiniz hesabat nədən ibarət olacaq? Məzmunu bilinməyən statuslara atılan "like"ların sayındanmı? Sükutla razılaşdırılmış intellektual boşluqdandırmı?
Bu halda daha sonra "nazir bizə yalançı alım " vəya "cəmiyyət alimə hörmət etmir" kimi iddialar səsləndirmək elmi baxımdan əsassızdır. Çünki cəmiyyət sizin atdığınız statusların like-na deyil, elmi fəaliyyətinizə hörmət edir. Elmə hörmət tələb olunmur - elm davranışla legitimləşir.
Nəticədə cəmiyyət alim obrazını istehsal edən deyil, istehlak edən, mövqe bildirən deyil, müşahidəçi, risk alan deyil, konformist kimi qəbul edir.
Elm yalnız laboratoriyada, məqalədə və ya konfransda deyil -ictimai davranışda da təmsil olunur. Əgər alim oxumadan "like" atırsa, sabah onun sözünü kim ciddiyə alacaq?
Zahid Fərrux Məmmədov
İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim