Valideynlərə xəbərdarlıq: bu hədiyyələri alarkən diqqətli olun!
11:16 SosialAQTA dükanlarda uşaqlar üçün satışa çıxarılan Yeni il bağlamaları ilə bağlı əhaliyə çağırış edib; həkim deyir ki, bu məhsulları almaq təhlükəlidir
Hər il olduğu kimi, bu il də market və dükanlarda, həmçinin bazarda uşaqlar üçün içində oyuncaq və qida məhsulları olan Yeni il hədiyyələri satışa çıxarılıb. Onların qiyməti tərkibinə, keyfiyyətinə görə dəyişir.
Balacaların sevincinə səbəb olan bu hədiyyə qutularında bəzən onların sağlamlığı üçün təhlükə törədəcək şirniyyatlara da rast gəlmək olur. Belə ki, həmin qutulara bəzən vaxtı ötmüş məhsullar qoyulur. Həmin hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından, bəzi şirkətlər bayramdan istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayırlar.
Məlum vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Eyni zamanda, qeyd edilir ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixini göstərir. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına da ciddi diqqət yetirmələri tövsiyə olunur: "Estetik cəlbedici qutulara saxlanma şəraitinə uyğun olmayan, artıq təhlükəli vəziyyətə gəlmiş, yararlılıq müddətinin bitməsinə az qalmış mallar doldurulur".