Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlanıb
19:35 SosialDekabrın 26-sı Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin "Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək" layihəsinin nəticələri müzakirə edilib.
Olaylar.az xəbər verir ki, təbiri giriş sözü ilə açan AMZA-nın sədri Rey Kərimoğlu sözügedən layihə haqqında məlumat verərək, layihənin əsas məqsədinin Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən bu hadisədən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsinin təşkil etdiyini qeyd edib:
"Təşkilatımız ötən il bu layihəni 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib. Layihənin icrası zamanı 960 nəfərlə görüşüb, sorğuları götürülüb. Bu çərçivədə minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə siyahısını müəyyənləşdirib onların ehtiyaclarını öyrəndik. Sonda əldə edilmiş nəticələr təhlil edilərək geniş hesabat hazırlandı. Geniş bir tədbir keçirilərək, bu hesabat QHT Agentliyinə, nazirliklərə, müvafiq dövlət qurumlarına təqdim edildi. Eyni zamanda, bu hesabat ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinə də təqdim edilib.
Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra etmişik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA anketləri ilə sorğular keçirilib. 400-dən artıq mina qurbanı təxmin ediləs də, 373 nəfəri sorğulara cəlb edə bildik. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə almışıq".
Rey Kərimoğlu vurğulayıb ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə BAMF və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib:
"O vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən, 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan və partlamamış hərbi sursatdan zərər çəkib. ANAMA-nın 25 dekabr 2025-ci ilə qədər təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 25 dekabr tarixləri müddətində mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin 25 dekabr tarixləri müddətində mina qurbanlarının sayı 415 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 344-i yaralanıb".
Tədbir zamanı BAMF-ın prezidenti Umud Mirzəyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, mina və PHS probleminin azaldılması istiqamətində həyata keçirilən bu təşəbbüs təkcə fiziki xəsarət alan şəxslərin deyil, ümumilikdə cəmiyyətin təhlükəsizliyinin və rifahının təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, minadan zərərçəkənlərin hüquqlarının qorunması, onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası uzunmüddətli sülh və sabitlik üçün vacib şərtlərdəndir. Bu kimi layihələr beynəlxalq tərəfdaşlığın və yerli vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin uğurlu nümunəsidir.
ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əfqan Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, hüquq müdafiəçisi Murad Sadəddinov, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov, "Gilavar Foto Klubu" İctimai Birliyinin nümayəndəsi Rəşad Mehtiyev, eləcə də "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı layihənin aktuallığı, mina qurbanlarının reabilitasiyası, psixoloji və sosial dəstəyi, eləcə də maarifləndirmə mexanizmləri barədə fikirlərini bölüşüblər. Çıxışlar zamanı mina təhlükəsinin hələ də davam etdiyi və bu istiqamətdə koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli layihənin yekun hesabatını müsbət qiymətləndirib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvləri də iştirak ediblər.
Sözügedən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin tədiqat hesabatı ingilis dilinə tərcümə edilərək xarici təşkilatlara göndəriləcək.