Elşən Nəsibovun “Mənim “Hema Malinim”” adlanan bədii əsəri çap edilib

Tədqiqatçı siyasətşünas -alim, yazıçı-publisist Elşən Nəsibovun "Mənim "Hema Malinim"" adlanan bədii əsəri çapdan çıxıb. Əsər sevgidən, eşq və məhəbbətdən bəhs edən bir  romandır. Əsərin əsas qəhrəmanları Xuraman Azərgün və Şahin Səlimovdur. Xuraman ilk baxışdan Şahinə aşiq olur, görən andan  ona qəlbən vurulur. Şahin də Xuramanı dərindən sevməyə başlayır. Aralarında gözlənilməz məhəbbət yaşanır.  Bu eşq platonikdir, "laldır", yalnız qəlblərdə sakit-sakit, öz saflığı ilə   yaşayır. Ancaq sakit yaşamağına baxmayaraq, öz işini görür. Qəlbləri hərdən  cuşa gətirir. Düşüncələrdə çaşqınlıq yaradaraq, alt-üst edir. Tərəfləri çıxılmaz vəziyyətə salır.  Onlar düçar olduqları azardan,  mübtəla olduqları gözlənilməz, birdən-birə yaranan   eşq bəlasından    ruhən  əziyyət çəkirlər. Psixoloji sarsıntı yaşayırlar.  Şahinin evli olması və dörd uşağa sahibliyi Xuramanı ümidsizliyə qapadıb. Xuraman sevdiyi şəxsin evliliyi  barədə məlumat əldə edib və xəbər onu dərindən sarsıdıb. Məhəbbətin ülvi olmayacağını duyur. Hərdən öz hərəkətlərindən peşmançılıq hissi keçirdir.  Şahin öz sevdiyi xanımı zahirən məşhur Hind aktrisası Hema Maliniyə bənzədir və ona "Mənim Hema Malinim" adını verib.  Xanımı hədsiz dərəcədə sevir. Onlar  ailə qura bilmirlər. Bu, qeyri-mümkündür. Heç real da  görünmür.  Belə ki, Xuraman Azərgün həyat yoldaşını avtomobil qəzasında itirib. İki uşaq anasıdır. Yenidən ailə qurmaq istəyir. İlk baxışdan aşiq olduğu Şahini özünə həyat yoldaşı görür və ona ərə getmək istəyindədir. Lakin Şahinin evliliyi Xuramanın istəyinə  mane olur. Arzusunu ürəyində qoyur. Ümidsizliyə qapılıb. Ortada yalnız sonu olmayan nakam   eşq var. Çünki  Şahin üçün də Xuramanla ailə həyatı qurmaq əlçatmaz bir istəkdir.  O, öz  ailəsini müqəddəs hesab edir. Baş qaldırmış hissləri ilə ağlı arasında uyğunsuzluq yaranıb. Lakin Şahin  reallığı təhlil edir və hər zaman  ağlı duyğuların üzərində qalib edir. Sevdiyi xanımla yaxınlıqdan çəkinir. Ancaq ona vəziyyətdən çıxmaq üçün daim dəstək olur.  

Məhəbbət bir neçə ay davam edir.  Nəhayət  aralarında yaşanan  platonik məhəbbət sonradan əbədi dostluğa çevrilir. Belə ki, idarədə gözlənilməz hadisə baş verir. Şahin Səlimovun həyatına kənardan sui-qəsd təşkil olunur. Sui-qəsdin qarşısını almaq üçün  Xuraman Azərgün özünü dərindən sevdiyi Şahin Səlimova  açılan atəşin qabağına verir. Bu, hər iki sevgilini yaralayır. Ancaq  xoşbəxtlikdən sağ qalırlar. Bu hadisə cəmiyyətdə, ailələr arasında   geniş rezonans doğurur, məhəbbətin üstü açılır. Hadisə hər ikisinin eşqini onların  əbədi ailəli  dostluğuna çevirir.

Əsər öz məzmununa görə dram və romantikadan ibarətdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31