“Milli Ensiklopediyada dələduz Elşad Abdullayevin bioqrafiyası yazılıb”-Sabiq deputatdan ŞOK açıqlamalar
11:19 SosialBugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində 15 il azadlıqdan məhrumetmə qiyabi hökm çıxardığı, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin bioqrafiyası Azərbaycanın Milli Ensiklopediyasındadır.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Məclisin keçmiş deputatı, təhsil eksperti Etibar Əliyev özünün sosial şəbəkədəki səhifəsində bildirib.
E.Əliyevin sözlərinə görə, Elşad Abdullayevin adını Milli Ensiklopediyaya Ramiz Mehdiyev daxil etdirib: "Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyev 25 noyabr 2024-cü ilə qədər Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyəti sədrinin 1-ci müavini olub. Onun razılığı olmadan kimsənin bioqrafiyası Ensiklopediyaya düşə bilməzdi. Milli Ensiklopediyanın 1-ci cildində dələduz Elşad Abdullayevin bioqrafiyası yer alıb. Ensiklopediya hər bir xalqın milli sərvətidir, yaddaşdır. Ensiklopediyanın mötəbərliyi millətin intellektual potensialının göstəricidir. Bu çoxcildli biliklər mənbəyində yol verilən qüsurlar barədə Ramiz Mehdiyevə 2016-ci ilin may ayında teleqram vasitəsilə məlumat vermişəm. İşin başında Leviafan Mehdiyevin özü durduğundan teleqramım cavabsız qaldı".
Keçmiş deputat, YAP-ın tanınmış simalarından olan keçmiş icra başçısı Musa Musayev isə Elşad Abdullayevlə bağlı çıxarılan məhkəmə hökmünün uzun illər öncə çıxarılmalı olduğunu bildirib. Musa Musayev sabiq rektora qarşı məhkəmə hökmünün çıxarılmasına və Elşad Abdullayevin etdiklərinə belə münasibət bildirib:
"Təəssüflər olsun ki, 20 il bundan əvvəl-3 Noyabr 2005-ci ildə dediyim sözlər, verdiyim bəyanat indi icra olunur. Bu, bizim faciəmizdir. Ulu Öndərin və cənab Prezident İlham Əliyevin sizə verdiyi çörək burnunuzdan gəlsin! Söz tapa bilmirəm ki, nə deyim! Nitqim tutulub".
Xatırladaq ki, dekabrın 23-də Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub. Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq rektor xaricdə yaşayır. (Musavat.com)