Dəhşətli xəstəlik 44 il sonra qayıtdı: Azərbaycanda yayıla bilər – Buna diqqət edin

Avropada cüzam xəstəliyi 44 il sonra yenidən üzə çıxıb. Bildirilir ki, bu, əsasən Asiya ölkələrindən gələn miqrasiya axınları fonunda yayılır.

Cüzam xəstəliyinin əlamətləri hansılardır? Azərbaycanda da yayılma riski varmı? Nələrə diqqət etmək lazımdır?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, cüzam nadir və zəif yoluxan infeksion xəstəlikdir:

"Xəstəliyin əsas əlamətləri dəridə hissiyyatsız, açıq rəngli ləkələr, uyuşma, sinir zədələnməsi və əzələ zəifliyidir. Eyni zamanda dəridə düyünlər, iltihablı şişlər, qabıqlanma yaranır. Qulaq seyvanı, diz və bilək kimi nahiyələrdə dəri qalınlaşmağa başlayır. Bu xəstəlik müəyyən problemlər yaradır. Məsələn, əl, ayaq və üz hissəsində hissiyat itir, əzələlərdə zəiflik, o cümlədən iflicə səbəb olur. Ümumi əlamətləri qızdırma, halsızlıq, iştahasızlıq və yuxusuzluqdur".

Terapevt bildirib ki, cüzam asan yoluxmur, qısa müddətli sosial təmaslar, ictimai nəqliyyatda olmaq və gündəlik əlaqələr risk yaratmır:

"Mycobacterium leprae" adlı bakteriyanın səbəb olduğu bu yoluxucu xəstəlik əsasən damcı yolu ilə keçir, lakin bir çox insan cüzama tutulmur. Bu da immun sisteminin gücündən asılıdır. Pis qidalanma, avitaminoz və antisanitariya şəraitində daha tez yayılır. Hazırda Azərbaycanda bu xəstəliyin yayılması ilə bağlı rəsmi məlumat yoxdur və risk çox aşağıdır. Şübhəli əlamətlər olduqda vaxtında həkimə müraciət etmək kifayətdir, panikaya əsas yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31