Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı - “Tarkhan” sirli liman?
21:04 SosialDövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.
Məlumata görə, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.
Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı "Tarkhan" - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, "Sübhə" Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur. Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir. Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov "NB" Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib. Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, "Liman işi" artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com