Qiymətləndiricilər Cəmiyyəti Qazaxıstan modelinə əsaslanacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssisləri birləşdirən əsas qeyri-hökumət təşkilatıdır. Bu qurumun əsas məqsədi Azərbaycanda qiymətləndirmə standartlarını beynəlxalq səviyyəyə çatdırmaq və bu sahədə şəffaflığı təmin etməkdir.

Cəmiyyətin sədri Vüqar Oruc Ritorika.az - a təşkilatın fəaliyyəti, yaranmış nöqsanlar və həlli barədə açıqlama verib:

"Mən sədr seçildikdən sonra - 2022-ci ildə qeyri-peşəkarların qiymətləndirmə sektorunda fəaliyyətini aşkar problem kimi müşahidə etdim. Sektorun sağlamlaşdırmaq üçün inzibati imkanlar bizim ixtiyarımızda deyildi. Peşəkar heyət azlıq təşkil edirdi.

Bu səbəbdən biz yeni qanun layihəsinin hazırlanmasında iştirak etməyi, müvafiq dövlət qurumlarına müraciət etməyi qərara aldıq.

Eyni zamanda Palatanın yaradılması ilə bağlı əsas məsuliyyət və təşəbbüs Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzərinə düşdü.

Sözügüedən problemlərə eləcə də ehtimal oluna biləcək başqa nöqsanlara qarşı yalnız qaunvericilik çərçivəsində həll yolu tutmaq olar.

İlk növbədə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsinə yenidən baxılmalıdır. Tənzimləmə birbaşa qiymətləndirmə prosesində maraqlı olmayan dövlət qurumu tərəfindən aparılmalıdır. Biz bu funksiyanın digər ölkələrdə olduğu kimi Maliyyə Nazirliyinə həvalə olunmasını məqsədəuyğun hesab edirik.

Son bir ilin təcrübəsi göstərdi ki, özünütənzimləmə mexanizmi özünü doğrultmadı. Çünki Azərbaycan Qiymətləndiricilər Palatasının strukturu elə formalaşıb ki, Palatanın idarəetməsində iştirak edən şəxslər eyni zamanda sahibkarlardır. Bu isə bir sahibkarın digər sahibkarlar üzərində nəzarət mexanizmi qurmasına gətirib çıxarır.

Bu baxımdan Palatanın strukturunda və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda yeni islahatlara ehtiyac var.

Biz bu məsələdə Qazaxıstan modelini təklif edirik. Həmin modeldə dövlət tənzimləyici funksiyanı icra edir, lakin paralel şəkildə bir neçə Palata fəaliyyət göstərə bilir.

Məsələn, 30-50 qiymətləndirici birləşərək Palata yarada bilər və bu Palata dövlət qeydiyyatından keçə bilər. Bu yanaşma sektorda monopoliyanın yaranmasının qarşısını almaq baxımından olduqca vacibdir.

Bir ölkədə bir neçə Palata fəaliyyət göstərə bilər və şirkətlər istədikləri Palatanı seçmək hüququna malik olarlar.

Əgər hər hansı Palata yalnız rəhbərliyin maraqları istiqamətində fəaliyyət göstərərsə, üzvlər digər Palatalara keçə bilərlər. Bu da Palata rəhbərliyini bütün üzvlərin maraqlarını nəzərə almağa vadar edər. Bu yanaşma ölkəmizin Rəqabət Məcəlləsinə də tam uyğundur. Çünki alternativlərin mövcudluğu əsas şərtdir, monopoliyaya yol verilməməlidir və qiymətlərin müəyyən edilməsində sərbəst bazar mexanizmi qorunmalıdır.

Bu prinsipləri əsas götürərək düşünürük ki, növbəti mərhələdə qanunvericiliyə dəyişikliklər edilməli, qiymətləndiricilərə özlərinin tənzimləyici qurumlar yaratmaq hüququ verilməlidir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, sektorun əsas iştirakçıları sahibkarlardır və onların maraqları hər zaman obyektiv olmaya bilər. Buna görə də mütləq şəkildə dövlət tərəfindən üst nəzarət mexanizmi tətbiq olunmalıdır ki, sistem monopoliyaya çevrilməsin.

Vuqar Oruc qeyd edib ki, hazırda təşkilatda 159 üzv var.

Qeyd edək ki, Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə yekun hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Təşkilatdan bildirilib ki, 2025-ci il AQC qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından mühüm olub:

"Əsas məqsəd ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31