Soydaşlarımız yerli cəmiyyətlərə uğurla inteqrasiya edərək onların ictimai, siyasi, sosial həyatında olduqca fəal rol oynayırlar. Millətlər arasında mənəvi körpülərin qurulmasına, multikultural dəyərlərin formalaşmasına, gələcək naminə birgə fəaliyyətin təşviqinə töhfələr verirlər. Nəticədə Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdə müxtəlif mükafatlara layiq görülürlər. Koreya Respublikasında yaşayan Rahil Əhmədova və Belçika Krallığında yaşayan Aydan Abdullayeva da bu baxımdan fərqləniblər.
Olaylar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Koreya Respublikasında Azərbaycan icmasının fəal üzvü Rahil Əhmədova multikultural ailələrə dair müsbət ictimai rəyin formalaşmasına verdiyi töhfələrə görə "15-ci LG və Dong-A Multikultural Mükafatı"nın "Grand Prize"inə layiq görülüb. Rahil Əhmədova Mükafatlandırma mərasimində bildirib ki, bu mükafat Koreyada yaşayan multikultural ailələr üçün bir təşviqdir və o, gələcəkdə də Koreya ilə Azərbaycan arasında körpü olmağa davam edəcək. 17 ildir həmin ölkədə yaşayan soydaşımız ictimai fəaliyyəti və beynəlxalq layihələri ilə çoxmədəniyyətli ailələrin cəmiyyətdə düzgün şəkildə tanıdılmasına töhfələr verir. Qeyd edək ki, "Dong-A Ilbo" Koreyanın 1920-ci ildən nəşr olunan aparıcı milli qəzetlərindən biridir. "LG və Dong-A Multikultural Mükafatı" isə 2010-cu ildə LG şirkəti və Dong-A Ilbo qəzeti tərəfindən təsis olunub. Mükafat Koreyanı multikultural dost cəmiyyətə çevirməyə əhəmiyyətli töhfə verən şəxsləri və qurumları dəstəkləmək məqsədi daşıyır. Bu il 9 nəfər və 3 təşkilat mükafata layiq görülüb. Tədbir Koreya mətbuatında da işıqlandırılıb: https://n.news.naver.com/article/020/0003680940?sid=102
Belçikanın Brüssel şəhərində yaşayan, diaspor fəalı Aydan Abdullayeva isə 2026-2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs) seçilib. "Gənc Avropa səfirləri" (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) "Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı" ("EU NEIGHBOURS East") çərçivəsində həyata keçirilməyə başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən, qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq edilməsini hədəfləyir. Vrije Universitetində Sosial Elmlər üzrə təhsil alan Aydan Abdullayeva Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.


