Media savadlığı yüksək olan cəmiyyət yalançı təbliğatın təsiri altına düşmür - Natiq Məmmədli

Bu gün Azərbaycanda Media Savadlığı Həftəsi keçirilir. Bu, artıq bizim mediada bir ənənə halını alıbdır. Belə ki, artıq dördüncü ildir ki, cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması məqsədi ilə Media Savadlığı Həftəsi keçirilir.

Olaylar.az xəbər verir ki, bu fikirləri bu gün "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" konfransı çərçivəsində Media-nın İnkişafı Agentliyinin icraçı direktoru Natiq Məmmədli jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, cəmiyyətin media savadlığının yüksəldilməsi əsas prioritetlərdən biridir. Çünki media savadlığı yüksək olan cəmiyyət bir qayda olaraq heç vaxt dezinformasiyanın və yalançı təbliğatın təsiri altına düşmür və eyni zamanda keyfiyyətli media məzmununu fərqləndirə bilir.

"Bu baxımdan, bu həftə ərzində silsilə tədbirlərimiz oldu. Hazırda keçirilən konfransda 500-ə yaxın nümayəndə iştirak edir. Ümumiyyətlə, il ərzində Azərbaycanın müxtəlif bölgələrində orta məktəbləri və ali təhsil müəssisələrini əhatə edən media savadlılığı proqramımız həyata keçirilibdir. Bu proqramlarda ümumilikdə 5000-dən çox gənc vətəndaşımız maarifləndirmə işlərində iştirak ediblər".

N.Məmmədli qeyd edib ki, cəmiyyətin media savadlılığı səviyyəsinin yüksəldilməsi prioritetdir və biz bu istiqamətdə sistemli yanaşmamızı, fəaliyyətimizi davam etdirməliyik.

"Bu həftə ərzində və bu həftədən əlavə əsasən maarifləndirmə tədbirləri, seminarlar, təlimlər keçirilir. Ali məktəb tələbələri və orta məktəb şagirdlərini əhatə edən bu tədbirlər bir maarifləndirmə proqramıdır",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31