Azərbaycanda bu əməliyyatın qadağası gündəmdə – Çoxunun seçimi
09:45 SosialAzərbaycanda təbii doğuş getdikcə azalır. İddialara görə, həkimlərin əksəriyyəti bir çox hallarda tibbi zərurət olmadan belə qadınları keysəriyyə əməliyyatına yönləndirirlər. Hətta bu səbəbdən ölənlərin olduğu da deyilir. Necə deyərlər ki, maddi maraqlar naminə bəzi həkimlər qadınların sağlamlığını ciddi risk altına atır, lakin buna qarşı ciddi nəzarət mexanizmi görülmür.
Bu sahədə sərt qaydaların tətbiqi mümkündürmü? Keysəriyyə əməliyyatına müəyyən məhdudiyyətlər qoyula bilərmi?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, son illərdə Azərbaycanda keysəriyyə əməliyyatlarının artım tempi narahatlıq doğurur.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, keysəriyyə əməliyyatları ümumi doğuşların 10-15 faizini keçməməlidir:
"Lakin ölkəmizdə bu rəqəm 50 faizi belə aşır. Bu isə təkcə tibbi deyil, həm də səhiyyə sistemindəki idarəetmə və iqtisadi qərar mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Əlbəttə keysəriyyə əməliyyatını qadağan etmək mümkün deyil. Çünki həqiqi ehtiyac zamanı bu can qurtaran bir alternativ variantdır. Düşünürəm ki, təbii doğuşu pisləmədən, keysəriyyəni isə tənqid etmədən, hər ikisini düzgün zamanda seçməyi öyrətməliyik".
Nərmin Abbaslı
Mütəxəssis bildirib ki, qadınların əksəriyyəti təbii doğuşun vacibliyini, keysəriyyənin isə ancaq ciddi tibbi göstəriş olduğu halda seçilməli olduqlarını bilmirlər:
"Mənim bədənim, mənim qərarım" yanaşması çox yanlışdır, çünki keysəriyyə əməliyyatı riskləri həddən çox artırır, bunu istəyə görə seçmək təhlükəlidir. Üstəlik, səhiyyə sisteminə əlavə yük gətirir və resursların qeyri-effektiv istifadəsinə səbəb olur. Maarifləndirmə strategiyası mütləqdir. Ana namizədlərinə tibbi əsaslı, obyektiv və emosional manipulyasiyadan uzaq informasiya verilməlidir.
Hansı hallarda keysəriyyə əməliyyatı zəruridir? Hansı hallarda təbii doğuş daha təhlükəsiz və sağlamdır? Bunlar dəqiq izah edilməlidir. Əgər xəstəxanalar və ya həkimlər üçün keysəriyyə daha "asan" və ya daha "maddi cəlbedici" seçimdirsə, bu da təbii doğuşun sayını azaldır. Burada maliyyələşdirmə modelləri və xidmət keyfiyyət göstəriciləri yenidən dizayn olunmalıdır. Həmçinin tibbi protokollara nəzarət mexanizmləri gücləndirilməlidir ki, keysəriyyə qərarlarının tibbi əsaslı olub-olmadığına nəzarət edilsin. Hər xəstəxanada doğuş formalarının statistik təhlili və ictimai hesabatlılıq təşviq olunmalıdır".