"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
19:08 SosialMüğənni Rəqsanə İsmayılova son vaxtlar onun başına gələn hadisə ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşının ona dəstək olmadığı barədə səsləndirilən iddiaları təkzib edib.
Rəqsanə açıqlamasında bildirib ki, məsələnin maliyyə tərəfi mərhələli şəkildə həll olunur. Onun sözlərinə görə, qızı Aysun ilkin olaraq 100 min məbləği ödəyib, qalan hissənin isə mart ayına qədər verilməsi üçün vaxt müəyyən edilib. Müğənni qeyd edib ki, həyat yoldaşı Fazil müəllim son üç ay ərzində daim uşaqların yanında olub və prosesdə fəal iştirak edib.
İfaçı əlavə edib ki, Aysun da bu məsələdə təkbaşına bütün işlərin öhdəsindən gələ bilməzdi:
"Bu işdə görünməyən, amma çox önəmli tərəflər var ki, onları Fazil müəllim həyata keçirib. Hələ kifayət qədər böyük məbləğ qalır və onun hamısını həyat yoldaşım ödəyəcək".
Beləliklə, Rəqsanə İsmayılova yayılan iddialara son qoyaraq, ailə üzvlərinin ona tam dəstək verdiyini vurğulayıb.
Xatırladaq ki, 1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova avqustun 16-da həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Müğənni 2 nəfərin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min dollar pulunu ələ keçirməkdə ittiham olunur.